Rusiyada müxalifətçi Boris Nemtsovun qətlində şübhəli bilinən iki nəfər saxlanılıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov deyib.
Onun sözlərinə görə, saxlanılanlar Zaur Dadayev və Anzor Qubaşevdir: "Bu barədə dövlət başçısına məlumat verilib. Şübhəlilər qafqazlıdır. Hazırda operativ və zəruri istintaq tədbirləri davam etdirilir".
Moskvanın Basmannı məhkəməsinin həmin şəxslərin həbs edilməsi barədə işə martın 8-də baxacağı gözlənilir.
"İnterfaks" isə mənbəyə istinadən bildirir ki, Nemtsovun qətlinin sifarişçiləri xaricdə ola bilərlər. Agentliyin həmsöhbəti bildirib ki, bu cinayətin izləri işi xaricə apara bilər: "Bu versiyanın üzərində fəal iş gedir".
Onun sözlərinə görə, bundan əvvəl səsləndirilən versiyalar da qüvvədədir. Lakin "İnterfaks" bu məlumatın rəsmi təsdiqini ala bilməyib.
Rusiya İstintaq Komitəsi də Nemtsovun qətlində şübhəli bilinən iki nəfər saxlanılmasına münasibət bildirib. APA-nın xəbərinə görə, bu barədə komitənin saytında açıqlama yerləşdirilib.
İstintaq Komitəsinin sözçüsü Vladimir Markin bildirib ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Boris Nemtsovun qətlində şübhəli bilinən Zaur Dadayev və Anzor Qubaşev saxlanılıb: "İstintaqın məlumatına görə, onların qətlin təşkilinə və icrasına aidiyyəti var”.
Qeyd edək ki, müxalif siyasətçi B.Nemtsov fevralın 28-də gecə saatlarında Moskvanın mərkəzində qətlə yetirilib.