Ukraynada daxili qarşıdurmalar sona çatmamış Moldovada da təhlükəli xəbərlər yayılmağa başlayıb. Məlumatlara görə, Ukraynada hadisələrinə görə, Qərblə üz-üzə dayanan Rusiyanın növbəti hədəfi Moldova olacaq. Proseslərin gedişi də yaxın tezlikdə Moldovada Ukrayna ssenarisinin təkrarlana biləcəyini göstərir.
NATO-nun Avropadakı müttəfiq qüvvələrinin baş komandanı, amerikalı general Filipp Bridlav Moldovanın hədəfində olması barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, Rusiya hərbi birlikləri Moldovanın Dnestryanı bölgəsində yerləşərək, ölkənin Qərblə əlaqəsini kəsməyi planlaşdırır. Almaniya kansleri Angela Merkel də Ukraynadakı ssenarinin Moldova Respublikasında təkrarlanacağından narahatlıq olduğunu açıqlayıb.
Qeyd edək ki, Moldovanın Dnestryanı bölgəsində separatçılıq 1990-cı illərin əvvəlində baş qaldırıb. O vaxtdan «müstəqillik» elan etmiş Rusiyameylli separatçılar gələcəkdə Rusiya Federasiyasına birləşməyə ümid edirlər. Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv heç bir dövlət tərəfindən tanınmayan Dnestryanıda təxmini iki min rus əsgərinin olduğu bildirilir. Halbuki Rusiya 1999-cu ildə bölgədəki bütün hərbi birliklərini geri çəkmək öhdəliyi götürmüşdü.
Moldovanın yeni hökuməti isə siyasi böhranın həllində çətinlik çəkir. Sözügedən böhran ölkənin Avropa Birliyinə yaxınlaşmasına da əhəmiyyətli ölçüdə təsir edir. Hərçənd, hələ iki həftədir baş nazirlik kreslosunda oturan Kirill Qaburiç, ölkəsinin AB yolunda olduğunu vurğulamağa cəhd göstərir, amma digər tərəfdən müxaliflər Moldovanın Avropadan getdikcə uzaqlaşdığını, Moskvaya yönəldiyini iddia edirlər.
Moldovalı politoloq Oazu Nantoy ölkəsi üçün çox ciddi təhlükələrin olduğunu deyir. Onun fikrincə, bunlardan biri Moldova parlamentindəki Rusiyanın "beşinci kolon"udur. Nantoy, "beşinci kolon" deyərkən yalnız Rusiyaya bağlı olduğunu heç vaxt gizlətməyə ehtiyac görməyən Sosialist Partiyasını deyil, Rusiyameylli bütün millət vəkillərini nəzərdə tutur.
Bu arada Moldovanın Qaqauz bölgəsində də Rusiya tərəfdarı separatçıların səsləri yüksəlməyə başlayıb. Onlar Moldova hökumətini Rusiyaya birləşməklə təhdid edirlər. Politoloqun fikrincə Rusiya Qaqauz bölgəsində keçiriləcək seçkilərə də müdaxilə edə bilər.
Moldovanın Moskvadakı keçmiş səfiri Anatol Taranu Rusiyanın Moldovada provokasiyalarını artıracağını düşünür: "Əgər amerikalı və avropalı siyasətçilər burada bəzi təhdidlərdən danışırlarsa, bu vəziyyətin pisə getdiyinin açıq bir göstəricisidir".
Keçmiş səfir önləyici addımlar atmaq üçün Kişinyov hökumətindən hərbi tədbirləri artırmağa çağırıb.
Taranu, rəsmi Kişinyovun AB və NATO ilə əlaqələri artıracağı halda təhlükədən uzaqlaşa biləcəyini deyir. Ancaq hökumət rəsmilərinin həqiqətən bu istiqamətdə bir niyyətlərinin olub-olmadığı da bəlli deyil. Keçmiş səfir bunun səbəbini izah edərkən bildirir ki, Moldovanın konstitusiyasındakı tərəfsizlik prinsipi bölgənin indiki vəziyyətinə görə günün şərtlərinə cavab vermir. Bunun fəsadları kimi isə rus ordusunun Moldova hökumətindən və ya parlamentindən icazə almadan ölkə torpaqlarına yerləşdirilməsini göstərir.
Bütün bunlara rəğmən Moldovanın yeni müdafiə naziri Viorel Cibotaru Ukraynadakı bənzər hadisələrin Moldovada da cərəyan edəcəyinə inanmır. Ancaq tədbiri də əldən vermir. Onun sözlərinə görə, Moldovada bütün hərbi birliklər hazır vəziyyətdə gətirilib.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) məlumatlarına görə, Moldova ordusunda 5 min 300 əsgər var. Fövqəladə bir vəziyyətdə isə 700 min moldovalı səfərbərliyə alına bilər. Ölkədəki hərbi təchizat və silahlar isə böyük ölçüdə Sovetlər Birliyindən qalmadır. Ölkənin müdafiə büdcəsi 2014-ci ildə 20 milyon avroya yaxın idi.