Azərbaycan Ordusunda ən müasir tanklar...
.jpg?v=1520254601)

Bu arada onu da bildirək ki, qeyd olunan sərgidə bir sıra ölkələr Rusiya istehsalı olan "İsgəndər" operativ-taktiki raket kompleksi, T-90MS tankı, "Xrizantema-S" tank əleyhinə kompleks və başqa silah nümunələrini almağa maraq göstərib. O da vurğulanır ki, sərginin ilk günlərində Yaxın Şərqin bir sıra ölkələri Rusiya istehsalı olan T-90MS tankını almağa maraqlarını açıq ifadə ediblər. Hələ adı çəkilməyən bir ölkə isə döyüş maşınını öz ərazisində sınaqdan keçirmək qərarına gəlib. "Rosoboroneksport"un direktor müavini İqor Sevastyanov bildirib ki, bu ilin iyulunda T-90MS tankının ərəb dünyasına ixracının şahidi olmaq olar. Bundan əvvəl T-90 tipli tankların istehsalçısı olan "Uralvaqonzavod"un baş direktoru Oleq Siyenko bildirmişdi ki, bu model Küveytdə uğurla sınaqdan keçirilib və region ölkələrində yaxşı perspektivləri var. "UKBTM"in baş konstruktoru Andrey Terlikov yaxın vaxtlarda T-90MS-in Yaxın Şərqə tədarükü müqavilələrinin icrasına başlamaq niyyətlərinin olduğunu açıqlayıb. T-90MS tankları ölkəmizin də marağındadır. Qeyd edək ki, T-90MS tankı güclü mühərriki, yeni kondisioner, zirehlə gücləndirilmiş mühərrik-transmissiya bölməsi, qüllədə 12,7 millimetrlik pulemyot, lülənin əyilməsi sensoru, 7,62 millimetrlik pulemyot üçün 400-dək artırılmış patron ehtiyatı ilə təchiz olunub. Onu da qeyd edək ki, Azərbaycan Rusiyadan T-90S markalı tankların alışını həyata keçirib və onların bir qismi ötən il iyunun 26-da paradda nümayiş etdirilib.
Bu arada Rosoboroneksport" ASC-dən"AzeriDefence"ə verilən məlumata görə, Rusiyaya sifariş verilmiş T-90S əsas döyüş tanklarının 20 maşından ibarət son partiyası Azərbaycana yaxın aylarda gətiriləcək. "Rosoboroneksport" rəsmilərinin sözlərinə görə, bununla Azərbaycanın T-90S tankları üzrə sifarişləri tam şəkildə yerinə yetirilmiş olacaq: "Düşünürük ki, bizim bu müqavilə vaxtında və Azərbaycanın istəyinə uyğun icra olundu. Biz Azərbaycan kimi mühüm tərəfdaşımızla əlaqələri davam etdirməkdə maraqlıyıq".
Qeyd edək ki, T-90S tankları ilə bağlı müqavilə 5 il əvvəl Bakı və Moskva arasında imzalanıb. Bu vaxta qədər bir neçə partiyada müqavilə üzrə imzalanan tankların Azərbaycana çatdırılması həyata keçirilib. Son partiya isə, qeyd olunduğu kimi, tezliklə ölkəmizə çatdırılacaq. Bununla ordumuzun ixtiyarında daha çox sayda belə tank olacaq. Qeyd edək ki, T-90S-lər dünyada kifayət qədər güclü silahlardan sayılır. Onlar T-72BM tankının yüksək texnologiya məhsulları ilə təchiz olunub. Bu tanklar T-80 tankından alınan 1G46 Nişangah Termal kamera Kontakt-5 partlayıcı həssas zireh və daha güclü mühərrikə sahibdir. Sözügedən tanklar Rusiyanın "Uralvaqonzavod" Elmi İstehsalat Müəssisəsi tərəfindən istehsal edilir.
Bu tankların məxsus olduğu Tank Əleyhinə İdarə olunan Raket (TƏİR) kompleksi 5 kilometr uzaqlıqda olan düşmənin istənilən tip zirehli texnikasını 100 faiz dəqiqliklə məhv etmək imkanı verir. T-90S-in malik olduğu avromatik dolub-boşalan 2A46M-5 topu TƏİR raketlərindən başqa zirehdeşən, beton istehkamları dağıdan və sair xüsusiyyətə malik müasir mərmilər ata bilir. Gecə-gündüz görmə imkanına malik optik lazer-nişangah tank hərəkətdə olarkən belə hədəfi nişan almaq və ya nişangahı hədəf üzərində saxlamaq imkanı yaradır. Tank üzərində quraşdırılan "Kord" pulemyotu isə hava hədəflərinin məhv edilməsində kifayət qədər ciddi silahdır. Xatırladaq ki, daha əvvəl "Rosoboroneksport" Azərbaycan tərəfinə T-72 tanklarını müasirləşdirməyi təklif edib.
Bundan əlavə, Azərbaycan Ukrayna istehsalı olan "Oplot-M" tanklarına da maraq göstərir. Tank istənilən hava şəraitində yüksək manevr qabiliyyəti nümayiş etdirir və kifayət qədər mobil texnikadır. Həmçinin onun qiyməti də Qərb istehsalı olan tanklara nisbətən daha aşağıdır.
Bunlarla yanaşı, son illərdə ordumuzun ixtiyarına ən müasir "Smerç" yaylım atəşi reaktiv sistemləri, "Toçka-U" taktiki raket kompleksləri, "BUK-1MB" zenit-raket kompleksləri, "TOS-1A" ağır odatan sistemləri, "MSTA-S" özüyeriyən artilleriya haubitsaları, özüyeriyən "Pion" topları, o cümlədən ölkəmizdə istehsal olunan "Şahin" və "Qaranquş" pilotsuz uçuş aparatları və digərləri verilib. Bütün bunlar nəticə etibarı ilə ordunun hərbi təchizatını daha yüksək hala gətirir. Xatırladaq ki, yerli istehsal hesabına da ordunun ixtiyarına verilən hərbi texnikanın sayı durmadan artır.