Moskvada silahlı sui-qəsd nəticəsində öldürülmüş rus müxalif lider və baş nazirin keçmiş köməkçisi Boris Nemtsovun xatirəsinə bu gün Moskvada nəhəng yürüş-mitinq təşkil edilib. Nümayişdə səsləndirilən şüarlar arasında "Rusiyanın gələcəyi üçün öldü", "Azad Rusiya üçün döyüşdü" kimi ifadələrə də rast gəlinir.
Baki-xeber.com xəbər verir ki, Nemtsovun qətlindən əvvəl Rusiya müxalifəti martın 1-də Moskvada "Bahar" marşı keçirməyi nəzərdə tutmuşdu və Boris Nemtsov müxalifət marşına özü başçılıq etməli idi. Müxalifət həmin tədbirdə hökumətdən iqtisadi böhranla bağlı təcili tədbirlərin görülmüəsini tələb etməyi planlaşdırmışdı.
Lakin hadisələr elə gətirdi ki, əvəzində onun təfdarları liderlərini anmaq üçün matəm marşına şıxdılar. Şənbə günü müxalifət liderlərinin meriya ilə danışıqlarından sonra kütləvi aksiyanın formatı və keçiriləcəyi yer dəyişdirilib.
Moskva meriyası aksiya təşkilatçıları ilə yürüşdə 50 minədək insanın iştirak edəcəyini razılaşdırsa da, təşkilatçılar marşa qoşunların sayının bu rəqəmi aşacağını istisna etmirlər.
Təşkilatçıların verdiyi məlumatlara görə, hələlik yürüşə 70 min insan qatılıb. Polis isə iştirakçı sayının 16 min olduğunu deyir.
Digər tərəfdən parlamentdən kənar müxalifət qrupları da bu gün ölkədəki böhran əleyhinə yürüş keçirməyi planlaşdırmışdı. Aksiyada korrupsiya ilə mübarizə və siyasi islahat tələblərinin gündəmə gətirilməsi gözlənilirdi. Ancaq Nemtsovun öldürülməsindən sonra bu plandan imtina edilib və Nemtsov xatirəsinə həsr olunmuş yürüş keçirilməsinə qərar verilib.