ABŞ-ın özəl kəşfiyyat-analitik mərkəzi "Stratfor" gələcək 10 ildə dünyada baş verə biləcək dəyişikliklərə dair hesabat hazırlayıb. Hesabata görə, Rusiya və Avropa Birliyi çökəcək. ABŞ və müttəfiqləri güclərini daha da artıracaq. Gedərək qeyri-sabitliyin daha da artacağı dünyada dəyişməyəcək tək şey isə ABŞ-ın gücü olacaq.
Hesabata görə, Yaxın Şərqdəki bəzi dövlətlər parçalanacaq, Çin zəifləyəcək, ABŞ isə dünyadakı «tək super güc» olmaqda davam edəcək.
Rusiyanı gələcək 10 ildə nə gözləyir?
ABŞ-ın özəl kəşfiyyat-analitik mərkəzi Rusiyanın gələcəyinə dair proqnozlarda bildirir ki, Ukrayna böhranı gələcək bir neçə il də beynəlxalq gündəmin mərkəzində olacaq. Hesabatda Rusiyanın yaxın vaxtlarda çökəcəyi iddia edilir: «Rusiyanın gələcək 10 il ərzində indiki vəziyyətdə qalacağını düşünmürük».
"Stratfor"a görə, enerji qiymətlərində müşahidə edilən dalğalanmalar, Moskvanın iqtisadiyyatını ayaqda tutmaq gücünü azaldacaq və bu Rusiyanın ətrafı ilə olan iqtisadi bağlarının zəifləməsinə gətirib çıxaracaq".
ABŞ-ın qarşısında ən böyük çətinlik…
"Stratfor"a görə, Rusiya zəiflədikcə ölkənin təsir dairəsinə daxil olan Belarus, Ukrayna, Polşa, Macarıstan və Rumıniya kimi dövlətlər də Rusiyadan uzaqlaşaraq başqa güclərə qatılacaq. Bunlarla yanaşı Rusiyanın Şimali Qafqaz üzərindəki nəzarəti də zəifləyəcək və Orta Asiyada sabitlik itiriləcək, Rusiyanın Uzaq Şərq bölgələri isə Çin, Yaponiya və ABŞ-la əlaqələrində müstəqil hərəkət etməyə başlayacaqlar.
Analitik mərkəzə görə, Rusiyanın çökməsinin ardından ABŞ-ın qarşı-qarşıya gələcəyi ən böyük çətinlik isə nüvə başlıqlı raketlərin qeyri-sabit dövlətlərin əlinə keçməsi olacaq. ABŞ bu vəziyyətdə problemi ya hərbi yolla həll etmək ya da raketlərin tədricən təsirsiz hala gətirilməsi üçün sözügedən bölgələrdə sabit və dayanıqlı bir hökumətlər qurulması üzərində çalışmaq məcburiyyətində qalacaq.
Avropada milliyyətçilik və proteksionizm geri dönəcək
"Stratfor"un təxminlərinə görə, Rusiya ilə birlikdə Avropa Birliyi (AB) də gələcək 10 il ərzində indiki sabitliyini itirib çökməyə başlayacaq. Amerika beyin mərkəzinin hesabatına görə, bunun səbəbi Şimal, Aralıq dənizi, Qərb və Şərqi Avropa ölkələrinin bir-biri ilə toqquşan maraqlarının olması və hər bir AB ölkəsinin maraqlarına uyğun ortaq bir siyasətin olmamasıdır. Gələcəkdə Avropada milliyyətçilik və proteksionizm geri dönəcək. Bununla yanaşı Avropa ölkələrində sərmayələrə nəzarətin artacağı qeyd edilir.
Almaniya zəifləyəcək, Polşa gücünü artıracaq
Hesabatda Almaniyaya da yer ayıran "Stratfor" ölkənin iqtisadi cəhətdən zəifləyəcəyini və sosial-siyasi böhrana sürüklənəcəyini bildirir. Beyin mərkəzinə görə, Almaniyanın zəifləməsi nəticəsində ABŞ-ın müttəfiqi olan Polşa, strateji əhəmiyyət kəsb edən Şimali Avropa bölgəsində dominantlıq gücünü artıracaq.
Orta Şərq zəifləyəcək, Türkiyə yüksələcək
Hesabatda qeyd edilir ki, Yaxın Şərq və Şimali Afrikadakı dövlətlərdə höküm sürən qeyri-sabitlik, bölgədə rolunu genişləndirəcəyi gözlənilən Türkiyənin yüksəlişinə təsir edəcək. Türkiyə Orta Şərqdə az da olsa müvəffəqiyyət əldə edə biləcək vasitələrə sahib yeganə bölgə ölkəsi olacaq. Hesabata görə, Türkiyənin Rusiyaya təzyiq siyasətinə dəstək verməsi qarşılığında, özünə siyasi və hərbi dəstək qazanmaq üçün ABŞ-la daha yaxın müttəfiqlik əlaqələri qurması gözlənilir.
Çində diktatorluq meylləri genişlənəcək
Asiyaya gəlincə, "Stratfor” Çinin «aşağı maaşlı iqtisadiyyat» siyasətindən uzaqlaşdığını bildirir və ölkənin siyasi və ictimai çətinliklərlə qarşı-qarşıya qalacağını proqnozlaşdırır. Düşüncə mərkəzinə görə, Pekinin diktatorluq meylləri genişlənəcək, ölkə diktatorluğa çevriləcək.
Onu da qeyd edək ki, "Stratfor”un 1996-2005-ci illər üçün hazırladığı hesabatda Çinin göstərilən illərdə qeyri-sabitliyə sürüklənəcəyi və ölkənin bölünməsinin belə gündəmə gələ biləcəyi iddia edilmişdi.
Dünyada dəyişməyən yeganə güc
Dünyadakı bir çox ölkənin gücünü itirəcəyini ya da parçalanaraq çökəcəyini iddia edən "Stratfor”, ABŞ-ın dünyanın ən böyük iqtisadi, siyasi və hərbi gücü olmaqda davam edəcəyini iddia edir. Ancaq ABŞ-ın gələcək 10 ildə diqqətini daha çox Şimali Amerikaya yönəldəcəyi bildirilir. Hesabata görə, gedərək daha təhlükəli və qeyri-sabit vəziyyətə gələn dünyada dəyişməyən yeganə şey ABŞ-ın gedərək daha da güclənməsi olacaq.