ABŞ dövlət katibi Con Kerri Rusiyaya qarşı ən yaxın zamanlarda yeni sanksiyaların tətbiq ediləcəyinin mümkünlüyünü bildirib.
Baki-xeber.com BBC-yə istinadən xəbər verir ki, ABŞ Konqresi Nümayəndələr Palatasında çıxış edən Con Kerri bildirib ki, Minsk sazişləri yerinə yetirilməsə, sanksiyaların növbəti mərhələsi işə salınacaq.
"Qərar qəbul etmək vaxtı yaxınlaşır. Plan "B" sanksiyaların sərtləşdirilməsini və Ukraynaya əlavə yardım göstərilməsini nəzərdə tutur", Kerriy deyib.
Rusiya XİN rəhbəri Sergey Lavrov buna cavab olaraq bildirib ki, yeni sanksiyalar hədəsi arxasında Qərbin - ABŞ və Avropa İttiaqının - Minsk razılıqlarının gerçəkləşməsinə mane olmaq niyyəti durur.
Bu arada Vladimir Putinin mətbuat katibi Dmitri Peskov CNN telekanalına müsahibəsində Rusiya ilə Qərb arasında münasibətlərin bərpasının şərtlərini açıqlayıb.
"Bircə istəyimiz var - bizim milli maraqlara, suveren hüquqlarımıza hörmətlə yanaşılsın. Bu baş verərsə, beynəlxalq münasibətlərdə yeni intibah dövrü başlayacaq", - Peskov deyib.
O, Moskvanın Ukrayna münaqişəsində heç cür iştirak etmədiyini də təkrar edib.
Lakin Qərb rəsmiləri buna inanmadıqlarını söyləyirlər.
ABŞ dövlət katibinin milli təhlükəsizlik üzrə müşaviri Suzan Rays PBS telekanalına müsahibəsində "Putinin Ukraynada sülhün bərqərar olmasına inanırsınızmı" sualına belə cavab verib: "Mən səfehə oxşayırammı?"