Ukrayna prezidenti Petro Poroşenko ölkəyə BMT-nin sülhməramlılarını dəvət edib. Bundan əvvəl Moskvanın gündəmə gətirdiyi beynəlxalq sülhməramlı mövzusunu, "bölgəyə Rus əsgərlərinin yerləşməsini qanuniləşdirəcək" səbəbilə Poroşenko rəhbərliyi rədd etmişdi. Ancaq indi "AB polisi" fikrinin, Rusiyanı masanın xaricində tutmaq üçün önə sürüldüyü ehtimal edilir.
Baki-xeber.com xəbər verir ki, cənab Poroşenko deyib ki, yaranmış vəziyyətdə Ukraynaya Avrozonanın polis missiyasının gəlməsi yaxşı olardı: "Əminəm ki, bu, Rusiya və onun dəstəklədikləri tərəfindən sülh barədə verilən sözlərin tutulmaması şəraitində ən optimal və effektli zəmanət olardı".
Ukrayna Milli Təhlükəsizlik Şurasının sədri Aleksandr Turçenko da, Rusiya-Ukrayna sərhədinə nəzarət etmək üçün beynəlxalq hərbi güc yaradılmasına çağırıb.
Avropa rəsmisi də Ukraynanın şərqinə beynəlxalq sülhməramlı qüvvələr göndərilməsi ilə bağlı Ukrayna prezidenti Poroşenkonun təklifinə münasibət bildirib. Avropa Xarici Siyasət Xidmətinin baş katib müavini Matsey Popovski bildirib ki, istənilən belə bir razılaşma dəqiq mandata əsaslanmalıdır.
O bunu Avropa Birliyi ölkələri müdafiə nazirlərinin Riqadakı qeyri-rəsmi toplantısı çərçivəsində keçirdiyi mətbuat konfransında deyib: "Biz Ukraynaya beynəlxalq sülhməramlı qüvvələr göndərilməsi ilə bağlı Ukraynanın ideyası, prezident Poroşenkonun təklifindən xəbərdarıq. Amma bizə daha çox məlumat, bir sıra aydınlıqlar lazımdır. Avropa Birliyi ilə istənilən razılaşma dəqiq mandata əsaslanmalı və bu Avropa Birliyi ölkələri tərəfindən müzakirə olunmalıdır”.
Ukraynanın Donbass bölgəsinə sülhməramlı göndərilməsi üçün BMT və AB-yə müraciət etməyə hazırlaşması, gözlənildiyi kimi Rusiyada sərt reaksiya ilə qarşılanıb. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaliy Çurkin Kiyevin bu planının Minsk müqaviləsinə zidd olduğunu bildirib: "12 fevralda Minskdə müqavilə imzalandı. Bu anlaşmaya görə, Donetsk və Luqanskda yerli polis qüvvələri yaradılacaq. Bölgədəki geri çəkilmə fəaliyyətlərini isə ATƏT təqib edəcək. Belə bir müddətdə fərqli təkliflər gəlməsi, Kiyev rəhbərliyinin müqaviləyə əməl edəcəyinə şübhə yaradır".
Qeyd edək ki, dünən Ukrayna həbçiləri son günlər ağır döyüşlər gedən Donetsk rayonundakı Debalsevo şəhərini tərk edib. ATƏT-in Ukraynadakı xüsusi nümayəndəsi Maykl Bosierki bildirib ki, missiya nümayəndələri hələlik Debalsevo şəhərinə gedə bilməyib. Onun sözlərinə görə, separatçıların Minsk razılaşmasının şərtlərini öz xeyrinə dəyişdirmək istəməsi qəbuledilməzdir: "Debaltsevo - atəşin dayandırılması barədə razılaşmanın bir hissəsidir".