Çərşənbə axşamı Britaniyanın Kornuoll yarımadası yaxınlığında Rusiyaya məxsus iki hərbi təyyarə müşahidə edilib. Britaniya Müdafiə Nazirliyindən bildirilib ki, Hərbi Hava Qüvvələrinin (RAF) təyyarələri bu səbəbdən təcili surətdə səfərbər olunub.
Baki-xeber.com BBC-yə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, RAF iki Rusiya təyyarəsini "Birləşmiş Krallığın maraq zonasından" çıxanadək müşayiət edib.
Onlar Birləşmiş Krallığın suveren hava məkanına daxil olmayıb, o əlavə edib.
Kornuoll yarımadası İngiltərədə yerləşir. Onun şimali sərhədi Kelt Dənizində, cənubi sərhədi isə İngilis Kanalındadır.
Bu arada müdafiə naziri Maykl Fallon xəbərdarlıq edib ki, Rusiya Baltik dövlətləri - Latviya, Litva və Estoniya - üçün gerçək təhlükədir.
M.Fallon Rusiya prezidenti Vladimir Putin tərəfindən NATO üzvü olan keçmiş sovet respublikalarına göstərilən təzyiqdən narahat olduğunu bildirib. Britaniya rəsmisinin fikrincə, Rusiya Ukraynada istifadə etdiyi üsuldan Baltik dövlətlərinə qarşı da istifadə edə bilər. O, Moskvanın Krım və Ukraynada istifadə edilən xəlvəti taktikadan Baltik dövlətlərinə qarşı da istifadə edə biləcəyindən, NATO-nu sınağa çəkməsindən narahat olduğunu vurğulayıb. Fallon hesab edir ki, NATO Rusiyanın "hansı formada olursa olsun təcavüzünə" hazır olmalıdır.
Britaniya Müdafiə katibinin bəyanatından əvvəl baş nazir Devid Kemeron Rusiyanın Ukraynada həyata keçirdiyi siyasətlə bağlı Avropaya çağırış etmişdi. Baş nazirin qənaətincə, Rusiyaya anladılmalıdır kı, Ukraynanın sabitliyini pozmaqdan əl çəkməsə, uzun müddət ərzində bunun iqtisadi və maliyyə fəsadlarnı hiss etməli olacaq.