Ukraynada fevralın 15-də tətbiq etdilən atəşkəsə baxmayaraq, qarşıdurmalar davam edir. Separatçı qruplar ölkənin şərqində strateji nöqtədə yerləşən Debaltsevo şəhərinin bir hissəsin ələ keçirib.
Baki-xeber.com xəbər verir ki, fevralın 12-də Minskdə əldə edilmiş razılaşmaya görə, bu gün etibarilə tərəflər Ukraynanın şərqindəki ağır silahlarını geri çəkməli idi. Ancaq tərəflərin şəhər uğrunda döyüşləri buna imkan vermədi.
Atəşkəs qərarına rəğmən Debaltsevoda qarşıdurmaların davam etməsinin ardından Ukrayna prezidenti Petro Poroşenko və Almaniya kansleri Angela Merkelin Rusiya prezidenti Vladimir Putinə zəng edərək xəbərdarlıq etmək istədiyi bildirilir. Ancaq iki gündə iki telefon görüşünə baxmayaraq şəhər ətrafında şiddətli döyüşlər dayandırılmadı. Bu gün isə separatçılar Debaltsevonun bir hissəsini ələ keçirdi. Bununla yanaşı, beş minə yaxın Ukrayna əsgərinin bölgədə mühasirədə olduğu bildirilir.
Rəsmi Kiyev də Debaltsevo şəhərinin bir hissəsinin rusiyapərəst separatçıların əlinə keçdiyini təsdiqləyib. Ukrayna ordusu şəhər uğrunda döyüşlərin davam etdiyini və bir neçə əsgərinin əsir düşdüyünü xəbər verir.
Kiev rəhbərliyi həmçinin Moskva, Luqansk və Donetsk separatçılarını atəşkəsi pozmaqda ittiham edib.
Şəhərin dəmiryolu şəbəkələrinin mərkəzində olması separatçılar üçün strateji məna daşıyır. Debaltsevo separatçıların əsas mərkəzi Donetsk və bir hissəsini ələ keçirdikləri Luqanskın arasında yerləşir. Qəsəbədən keçən quru yolu və dəmiryolu iki vilayətin mərkəzini bir-birinə bağlayır. Separatçılar Debaltsevonu tam ələ keçirəcəyi halda iki şəhər mərkəzi arasında maneəsiz əlaqələr yaranacaq. Bu isə separatçıların koordinasiyalı şəkildə hərəkət etməsinə imkan yarada bilər.