Dünyanın bir nömrəli gündəm maddəsi halına gələn Ukrayna böhranına dair Minsk razılaşması qüvvəyə mindi, bölgədə tam olmasa da böyük ölçüdə atəşkəsə əməl edildiyi bildirilir.
Baki-xeber.com xəbər verir ki, əvvəldən gözlənildiyi kimi gecə saatlarında Ukrayna prezidenti Petro Poroşenko hərbi birləşmələrə atəşin dayandırılmasına dair əmr verib. Separatçı liderlərin də rəhbərlik etdikləri silahlı birləşmələrə atəşin dayandırılmasına dair göstəriş verdiyi bildirilir.
Ancaq bununla belə bölgədə atəş səsləri də tam kəsilmir. Müşahidəçilərin fikrincə atəşkəs çox uzun sürməyəcək.
Qərb mətbuatı isə atəşkəs razılaşmasının Ukraynadan çox Rusiyanın işinə yaradığını yazır.
«The Times» yazır ki, Minskdəki razılaşma Qərbin Kremlə hədiyyəsi oldu: «Atəşkəs, xalqı rahatlaşdırsa da, Rusiya lideri Putinin Ukrayna üzərindəki təzyiqini artıracaq. Krım yarımadasını işğal edən, Ukraynanın şərqində separatçı hərəkatlar yaradan və nəzarətsiz sərhəddən ölkə ərazisinə tanklar göndərən Putin, indi də, avropalı liderlərin köməyilə, dünyanın ən təhlükəli qarşıdurmasını dondurdu. Bu barış böyük ölçüdə Kremlin istədiyi şərtlərdə reallaşdı».
Qəzet yazır ki, Minsk sazişi Ukraynanın dağılmasına aparan bir addımdır. Putin diplomatiyadan, əsl niyyətlərini gizlətmək üçün istifadə edir. Kremlin məqsədi, separatçıların ərazidə idarəçiliyini təmin edərək, qonşu ölkə ərazisində Rusiyanın hakimiyyətini qurmaqdır. Bu isə, Moskvaya Kiyevin NATO üzvlüyünə maneə törətmək üçün böyük şans verəcək.
Digər tərəfdən müqavilənin, Rusiya tərəfdarı separatçıların Donetsk və Luqanskdakı iqtidar səlahiyyətlərinin artırılmasına xidmət etdiyi deyilir: «Putin bunu öz xeyrinə istifadə edə bilər».
«The Wall Street Journal» də Minsk sazişini Putinin zəfəri kimi şərh edir. Qeyd edilir ki, sülh razılaşması Putin üçün Qərbin yeni sərmayələrinin qarşısını almaq, Kiyevdən yeni siyasi güzəştlər qoparmaq və ABŞ-ın Ukrayna ordusuna silah göndərmək niyyətini önünə keçmək üçün şans yaradır.
«Spiegel» isə yazır ki, mövcud durumda Avropa Birliyinin Vaşinqtonla daha çox diplomatik əməkdaşlıqda olması lazımdır: «Minsk müzakirələri nəticəsində Putin zəfər qazandı. Rus lider, "Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət eşidilməsini" nəzərdə tutan razılaşmanın ilk maddəsinə əməl etmək niyyətində deyil. Putinin məqsədi Ukraynada qarşıdurmaları qızışdırmaq və bundan imtina etməkdir.
Atəşkəs razılaşması qüvvəyə minməmişdən öncə isə ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki Belarus paytaxtı Minskdə razılaşdırılmış atəşkəsin başlamasına bir neçə saat qalmış, Rusiya ordusunun Ukrayna hədəflərini bombalamaq üçün Debaltseve şəhərinə çox sayda top, raket batareyası və havadan müdafiə sistemləri göndərdiyini açıqlayıb.
Strateji baxımdan mühüm Debaltseve şəhərinin ətrafında bir neçə gündür gərgin döyüşlərin gedirdi. Debaltseve hökumət tərəfindən idarə olunsa da, üsyançılar onu demək olar ki, tamamilə əhatə edib.
Psaki, son bir neçə gün ərzində Rusiya sərhədindən Ukraynaya çox sayda ağır silah və sursatın keçdiyini iddia edib: "Rus ordusu Ukrayna hədəflərini bombalamaq üçün Debaltseveyə çox sayda top və raket batareyası göndərdi. Bu silahların separatçılara deyil rus ordusuna aid olduğundan əminik. Rus ordusu eyni zamanda Debostava yaxınlarına havadan müdafiə sistemləri də göndərib. Bunların da rus ordusuna aid olduğundan əminik".
Psaki onu da bildirib ki, Rusiya ordusu Ukrayna sərhədində, Şərq Ukraynadakı separatçı qruplara böyük miqdarda silah göndərmək üçün hazırlıqlar aparır.
Bütün bu məlumatların qaynaqları barədə danışan Psaki, bu kəşfiyyat məlumatlarını hər hansı bir dövlət və ya qrupdan almadıqlarını, birbaşa ABŞ-ın öz kəşfiyyat xidmətinin əldə etdiyini bildirib.
Ukrayna prezidenti Petro Poroşenko isə atəşkəsə əməl olunmayacağı halda ölkə daxilində hərbi vəziyyət elan ediləcəyini bəyan edib: "Bu yalnız Donetsk və Luqanskda deyil, bütün ölkə daxilində olacaq...".