Şərqi Ukraynada atəşkəs qüvvəyə minmədən təhlükə ilə üzləşib. Qərbdən gələn açıqlamalara görə, həm də bu təhlükə birbaşa Rusiyalan qaynaqlanır və vəziyyət gözləniləndən daha təhlükəli şəkil ala bilər.
Baki-xeber.com xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki Belarus paytaxtı Minskdə razılaşdırılmış atəşkəsin başlamasına bir neçə saat qalmış, Rusiya ordusunun Ukrayna hədəflərini bombalamaq üçün Debaltseve şəhərinə çox sayda top, raket batareyası və havadan müdafiə sistemləri göndərdiyini açıqlayıb.
Yaraqlıların bir neçə şəhərdə Ukrayna qüvvələrinə hücumları artırması sülh sazişinə ümidi azaldıb. Strateji baxımdan mühüm Debaltseve şəhərinin ətrafında gərgin döyüşlər davam edir. Debaltseve hökumət tərəfindən idarə olunsa da, üsyançılar onu demək olar ki, tamamilə əhatə edib. Şəhər intensiv bombardman olunur. Mariupol liman şəhəri də artilleriya atəşinə tutulub.
Ukrayna ordusu son 24 saatda 120 hücum qeydə alındığını bildirir. Ordunun sözçüsü Andriy Lysenko deyib ki, son 24 saatda yeddi hərbçi ölüb, 23 nəfər yaralanıb.
Psaki də yaşayış yerlərinin də olduğu Şərq Ukraynada tərəflərin təmas xəttində qarşıdurmaların davam etdiyini bildirib.
Atəşkəsin başlamadan təhlükə ilə üzləşdiyini deyən Psaki, son bir neçə gün ərzində Rusiya sərhədindən Ukraynaya çox sayda ağır silah və sursatın keçdiyini iddia edib: "Rus ordusu Ukrayna hədəflərini bombalamaq üçün Debaltseveyə çox sayda top və raket batareyası göndərdi. Bu silahların separatçılara deyil rus ordusuna aid olduğundan əminik. Rus ordusu eyni zamanda Debostava yaxınlarına havadan müdafiə sistemləri də göndərib. Bunların da rus ordusuna aid olduğundan əminik".
Psaki onu da bildirib ki, Rusiya ordusu Ukrayna sərhədində, Şərq Ukraynadakı separatçı qruplara böyük miqdarda silah göndərmək üçün hazırlıqlar aparır.
Bütün bu məlumatların qaynaqları barədə danışan Psaki, bu kəşfiyyat məlumatlarını hər hansı bir dövlət və ya qrupdan almadıqlarını, birbaşa ABŞ-ın öz kəşfiyyat xidmətinin əldə etdiyini bildirib.
Ukrayna prezidenti Petro Poroşenko да Rusiyanı həmləsini xeyli artırmaqda ittiham edib.
Onu da qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel, Ukrayna prezidenti Petro Poroşenko və Fransa prezidenti Fransua Ollandın Minskdə razılaşdırdığı atəşkəs bu gecə qüvvəyə minməlidir. Ancaq bölgədən alınan xəbərlər atəşkəsə əməl ediləcəyini şübhə altına alır. Xüsusilə Rusiyanın son addımları bölgədə vəziyyətin daha da gərginləşə biləcəyindən xəbər verir.