Ermənistanın ən uğurlu sahibkarlarından biri Qaqik Tsarukyanın partiyasının müxalif Erməni Milli Konqresi və Jaranqutyun (İrs) partiyaları ilə "qeyri-iqtidar üçlüyə” belə qatılmasına və bir neçə birgə mitinq keçirdiklərinə baxmayaraq, Firavan Ermənistanın mövcud hakimiyyətə qarşı çıxacağı çoxlarına şübhəli görünürdü.
Baki-xeber.com BBC-yə istinadən xəbər verir ki, lakin fevralın 5-də "üçlüyün” konfransı zamanı xeyriyyəçiliyi ilə əhali arasında böyük nüfuz qazanmış Tsarukyan xəbərdar edib ki, iqtidarın kiçik bir səhvi "Ermənistan vətəndaşlarını küçəyə çıxarar”. Onun sözlərinə görə, Gümrüdə ailə üzvlərinin qətlə yetirilməsi, qiymətlərin artması, maliyyə bazarının sabitsizliyi "güclü ictimai partlayışa səbəb” ola bilər.
Ermənistan prezidenti Serj Sarkisyan isə Ermənistan parlamentində sayca ikinci siyasi fraksiyanın lideri, Milli Təhlükəsizlik Şurasının üzvü Qaqik Tsarukyanı "bir siyasi xadim kimi ölkə üçün bəla” adlandırıb və onun ictimai və siyasi fəaliyyətinə qarşı tədbirlər görüləcəyini bəyan edib.
Onu da qeyd edək ki, hakimiyyətə hücuilarından sonra Qaqik Tsarukyan Milli Təhlükəsizlik Şurasından azad edilib.
Sarkisyan Tsarukyanın siyasətdə peyda olmasında "öz səhlənkarlığı üçün” üzr istəyib və səhvini düzəltməyi vəd edib. "Siyasi xadim Qaqik Tsarukyan ölkəmiz üçün bir bəla olub. Və bu təbiidir. Siyasi prosesə qatılmaq üçün kifayət qədər mexanizmə malik, lakin zəif intellektual qabiliyyətli şəxs inkişafın tormozuna çevrilir... Səhvi təmiz, kökündən və tez düzəltmək lazımdır”, - Serj Sarkisyan bəyan edib.
Sarkisyan çıxışında Tsarukyanın deputatlıq fəaliyyətindən də məhrum etmək niyyətini gizlətməyib və bununla bağlı lazımi addımların atılacağını bildirib.
Ermənistan prezidenti Qaqik Tsarukyanın biznes fəaliyyətinə də "diqqət yetirməyə çağırıb”. "İllər boyu büdcəyə ödənilməmiş, təqaüdçülərə və gənclərə çatacaq, lakin müxtəlif "xeyriyyəçilik” tədbirlərinə sərf olunan milyardlarla dram haqqında məlumatlar yoxlanılmamış qalır”, - deyən Sarkisyan baş nazir Hovik Abrahamyanı məlumatları yoxlamaq üçün müvafiq idarələrə tapşırıq verməyi tapşırıb.
Ancaq o da maraqlıdır ki, Sarkisyanın Tsarukyanın biznes fəaliyyətini yoxlamağı tapşırdığı baş nazir Abrahamyan Qaqik Tsarukyanın qudasıdır.
Sarkisyanın bu bəyanatlarından Tsarukyan artıq ölkədə yaranmış vəziyyətdən yeganə çıxış yolunu "növbədənkənar prezident seçkiləri vasitəsilə tam hakimiyyət dəyişikliyində” gördüyünü bəyan edib. Tsarukyan həmçinin mövcud iqtidarın qeyri-legitimliyinə işarə edir, "yeni seçkilər nəticəsində xalqın legitim mandatına layiq yeni hakimiyyət" formalaşdırmaqdan danışır.
Tsarukyan deyir ki, Sarkisyanın "göstəriş səciyyəli nitqindən sonra” o, bütün fəaliyyət sahələrində təqiblərə məruz qalacaq. O, "bütün qanuni vasitələrlə”, o cümlədən aramsız mitinq, yürüş və nümayişlərlə Serj Sarkisyanın istefasına nail olmaq və "bu hakimiyyətdən” azad olmaq üçün "ümumxalq səfərbərliyinə” çağırıb.
"Mübarizəyə hazırlaşın! Küçəyə 3000 adam çıxanda onlar [hakimiyyət] qanunları dəyişməyə məcbur olur. Bütün xalq çıxsa – hakimiyyət dəyişikliyi baş tutar. Bu hakimiyyət getməlidir, və biz tariximizin bu rüsvayçı və şərəfsiz səhifəsini örtməliyik”, - Tsarukyan deyib.