"Müsavat Partiyasının irəli sürdüyü təkliflər hakimiyyət tərəfindən qəbul olunacaqsa, təbii ki, Müsavat Partiyası əvvəllər də irəli sürdüyü dialoq tərəfdarı olması barədə mövqeyinə sadiq qalacaq və qeyd olunan məsələlər əvvəldən razılaşdırılacağı halda iqtidar-müxalifət dialoqu prosesində iştirak edəcək”.
Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı fevralın 12-də Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun və müxalifət partiyalarından bir qrupunun rəhbərinin iştirakı ilə keçirilən iqtidar-müxalifət görüşünə münasibət bildirərkən deyib.
A. Hacılı Müsavat Partiyasının bu görüşlərlə bağlı təkliflərini də səsləndirib: "Ümumiyyətlə, Prezident Administrasiyasının siyasi partiyalarla təmas qurmaq təşəbbüslərini müsbət dəyərləndirirəm. Bu görüşlərdə müzakirə olunacaq məsələlərin əvvəldən müəyyənləşdirilməsi təklifi bizə məxsusdur. Eyni zamanda biz istərdik ki, bu görüşlərin formal xarakter daşımaması üçün müzakirə olunacaq məsələlərlə yanaşı, orda iştirak edəcək siyasi qurumların formatı da əvvəlcədən müəyyənləşdirilsin və Azərbaycanın əsas müxalifət qüvvələri ilə razılaşdırılsın. Yalnız bu şəkildə təşkil olunmuş müzakirələrin cəmiyyət üçün real nəticələri ola bilər”.