Ukrayna prezidenti Petro Poroşenko, Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Ollandın Ukrayna böhranı ilə bağlı Minskdə görüş keçirdiyi bir vaxtda Ukrayna-Rusiya münasibətlərini yenidən gərginləşdirə biləcək xəbərlər yayılıb.
Baki-xeber.com xəbər verir ki, görüşün keçirildiyi bir vaxtda Rusiyadan Ukraynaya onlarla tank və raketlər keçirilib.
Ukrayna terrorla mübarizə əməliyyatı qərargahından verilən məlumata görə, sülh danışıqları ilə eyni vaxtda Rusiya Ukraynadakı terrorçulara silah və hərbi ləvazimat göndərməyə davam edib. Qurumuni sözçüsü Andrey Lısenko Rusiyadan Ukraynaya «Uragan» və «Smerç» tipli raketlər keçirildiyini bildirib: "Fevralın 11-dən 12-nə keçən gecə İzvarine yaşayış məskəni ətrafında Rusiya-Ukrayna sərhədində təxminən 50 tank, 40 «Qrad», «Uraqan» və «Smerç» raketləri və 40 zirehli maşın Ukrayna ərazisinə daxil olub".
Onu da qeyd edək ki, liderlərin Minsk zirvəsində 17 saatlıq müzakirələrdən sonra atəşkəslə bağlı razılaşma əldə olunub.