Belarus paytaxtı Minskdə çərşənbə günü sülh danışıqlarının başlayacağı gözlənildiyi halda Ukraynanın şərqində döyüşlər davam edir.
Ukrayna lideri Poroşenko bu danışıqları regionda sülhə nail olunması üçün son şans kimi səciyyələndirib.
Minsk sammitində Ukrayna, Rusiya, Fransa və Almaniya liderləri iştirak edəcək.
Bu sammitdən əvvəl daha aşağı səviyyəli kontakt qrupu formatında keçirilmiş danışıqlar nəticəsiz başa çatıb - həmin danışıqlar ATƏT vasitəçiliyi ilə rəsmi Kiyev və Ukraynanın şərqindəki rusiyapərəst üsyançıların nümayəndələri arasında aparılıb.
Ukrayna danışıqlarında iştirak edən tərəflərin qarşılarına qoyduqları məqsəd fəqrlidir:
Ukrayna: Ölkədən qopmaq istəyən regionlarda mərkəzi hökümətin nəzarətini bərpa etmək istəyir; Donetsk və Luhansk regionlarına daha yüksək özünüidarə statusu verməyə hazırdır; üsyançı qüvvələrin tərksilah edilməsinə, Rusiya qoşunlarının geri çəkilməsinə, Kiyevin Ukrayna-Rusiya sərhədinə nəzarətinin bərpa edilməsinə, əsirlərin mübadiləsinə nail olmağa çalışır.
Rusiyapərəst üsyançılar: Əsas məqsəd -Ukraynanın qalan hissəsindən ayrılmaq, "DXR" və "LXR" qurumlarının tanınmasına nail olmaqdır; separatçı qüvvələr tərksilah olunmamalı, separatçı liderlərə isə amnistiya verilməlidir.
Rusiya: Rusiyadilli əhali üçün Ukraynanın şərqində təminatlar verilməlidir, federal system tərkibində Donetsk və Luhanskın tam muxtariyyətı təmin olunmalı; Krım Ukraynaya qaytarılmamalı; Ukrayna qoşunları döyüş zonasından çıxarılmalıdır.
Aİ və ABŞ: Ukrayanın ərazi bütövlüyü təmin edilməli; Ukraynanın şərqində Rusiya müdaxiləsinə son qoyulmalı – Rusiya qoşunları və ağır hərbi texnika geri çəkilməli; Rusiya-Ukrayna sərhədinə və döyüşən tərəflər arasında demilitarizasiya edilmiş zonaya effektiv nəzarət edilməli; Donetsk və Luhanskda tam demokratiya şəraiti təmin olunmalıdır.