AB-nin Rusiyaya tətbiq etdiyi sanksiyalara qarşı çıxmaqla diqqət çəkən Cənubi Kipr Respublikası, indi də hərbi baza məsələsini gündəmə gətirib. Yunan lider Nicos Anastasiadesin fevralın 25-də Moskva səfəri zamanı bu istiqamətdə rəsmi razılaşma imzalanması gözlənilir. Rusiyanın da Kiprdə hərbi baza qurmaq arzusunda olduğu bildirilir.
Baki-xeber.com xəbər verir ki, prezident Anastasiades ölkəsinin Rusiya hava və hərbi dəniz bazasına ev sahibliyi etməyə hazır olduğunu bəyan edib: "Rusiya ilə aramızda yenilənməsi lazım olan köhnə bir razılaşma var. Eyni zamanda, Fransa və Almaniyaya verdiyimizə bənzər bəzi əlavə xidmətlər Rusiyaya da veriləcək. Kiprlə Rusiya ənənəvi olaraq yaxşı əlaqələrə sahibdir və bu dəyişməyəcək".
Yunan və Rusiya mətbuatı Pafos beynəlxalq hava limanı yaxınlığında, İngilis hərbi hava bazası "Akrotiri"dən 40 kilometr aralıdı "Andreas Papandreu" hava bazasının böyük ehtimalla Rusiya təyyarələrinin istifadəsinə veriləcəyini bildirir.
Bundan başqa rus donanmasının gəmilərinin də Limasol limanındakı bazadan istifadə edəcəyi bildirilir. «Global Post» yazır ki, rus donanmasının istifadə edəcəyi Limasol limanı, NATO əməliyyatlarında istifadə edilən və həmçinin NATO-nun elektron müşahidə sistemlərinin olduğu İngilis hərbi bazası Akrotiriyenin qonşuluğunda yerləşir.
Kiprdəki liman və aerodromlardan, hazırda BMT-nin Livan missiyasına bağlı fransız vertolyotları və alman gəmilərinin də dəstək aldığı bildirilir.
Ancaq ekspertlərə görə, Qərb ölkələri belə bir addımın atılmasına imkan verməyəcək. Rusiya Müdafiə Nazirliyinin keçmiş əmkdaşı, hərbi ekspert Leonid İvaşov da Türkiyə, NATO və Avropa Birliyinin belə bir razılığa icazə verməyəcəyini deyir: "Kipr lideri Anastasiadisin Rusiyaya hərbi və dəniz bazası təklif edəcəyi istiqamətindəki açıqlamaları NATO və AB ilə razılaşdırılmış olduğu mənasını vermir. Kipr ikiyə bölünmüş vəziyyətdədir və Türkiyə çox böyük ehtimalla belə bir vəziyyətdə səssiz qalmayacaq. Türkiyə NATO üzvüdür və bu mümkün deyil...".
İvaşovun fikrincə Rusiya iqtisadi və ticarət əlaqələrinə görə Ankaranın mövqeyini nəzərə alacaq. İqtisadi baxımdan Cənubi Kipr Respublikasının zəif bir ölkə olduğunu deyən İvaşov, "Belə zəif bir ölkə radikal hərbi dəyişiklik nəzərdə tutan bir planı tətbiq edə bilməz... Böyük bir ehtimalla bu reklam məqsədi daşıyır. Bununla bölgəyə daha çox rus turist çəkmək istəyirlər..." – deyə bildirir.
Rus hərbi ekspert Yevgeni Bujinski də, Rusiyanın Cənubi Kipr Respublikasında hər hansı bir hərbi bazaya ehtiyacı olmadığını deyir: "Mövcud iqtisadi şərtlər altında bizim belə bir hərbi bazaya ehtiyacımız yoxdur. Kiprin bir şeylərə ehtiyacı var. Ola bilər ki, onlar pul istəyir. Bunun üçün hər şeyi edə bilərlər. Bu mənə bu S-300 raket sistemi ilə bağlı müzakirələri xatırladır. Ödəmə edildi. Sonra S-300-lər Yunanıstana təslim edildi. Kimsə bunların Kiprə yerləşdirilməsinə icazə vermədi".