ABŞ-ın Ermənistandakı yeni səfiri Riçard Maylz Azərbaycandakı təzə səfir Sekuta ilə eyni vaxtda Ermənistana yola düşməyə hazırlaşır.
Birləşmiş Ştatların qonşu ölkəyə yeni təyin olunmuş səfiri Riçard Maylz Vaşinqtonda rəsmi andiçmə mərasimində bəyan edib ki, Ermənistanla ölkəsi arasında münasibətlərin normallaşması üçün əlindən gələni edəcək.
İrəvanda işləyəcək səfirlə bağlı maraqlı məqam diqqətimizi çəkdi. İş burasındadır ki, Riçard Maylz adlı diplomat ABŞ-ın Azərbaycandakı ilk səfirlərindən olub. Azərbaycan müstəqilliyə qovuşduqdan sonra ABŞ-ın ölkəmizdəki birinci səfiri Robert Fini olub. Riçard Maylz isə sayca ikinci səfir olub. Onun missiyası 1992-94-cü illəri əhatə edib. Bu həmin Riçard Maylzdırmı?
Bu sualla həmin dövrdə Prezidentin xarici məsələlər üzrə müşaviri olmuş Vəfa Quluzadəyə müraciət etdik. Vəfa müəllimin nəzərindən qaçan məqamı ona xatırlatmağımız sabiq diplomatı çox təəccübləndirdi: "Doğrudan da mən heç ada fikir verməmişdim. Həmin addır. Mən həmin diplomatı gözəl xatırlayıram. Şəklini görsəm dəqiq deyərəm. Ancaq inana da bilmirəm. Çünki mən tanıdığım Riçard Maylz indi yaşlı olmalıdır. Ola bilər ki, təsadüfi uyğunluq olsun. Çünki ABŞ-da bu adlar çox yayılıb".
ABŞ səfirliyindən isə bu mövzu ilə bağlı sualımızı heç kim cavablandırmaq istəmədi.