Ukraynanın NATO-ya üzv olma ehtimalı ilə bağlı qızğın müzakirələrin getdiyi bir vaxtda, Alyansla bağlı şok effekt yaradacaq yeni bir iddia gündəmə gəlib. İddialara görə Yunanıstanın yeni hökuməti NATO-dan çıxmaqla bağlı gizli plan hazırlayıb. Bununla bağlı İtaliyanın «Il Giornale» qəzeti məlumat yayıb.
Baki-xeber.com xəbər verir ki, qəzet Yunanıstanın baş naziri Aleksis Çiprasın ölkəsinin NATO üzvlüyünə son qoymaq istiqamətində gizli bir planının olduğunu iddia edir. SYRIZA-nın partiya proqramına istinad edilən xəbərdə, bu çərçivədə Yunanıstandakı bütün NATO bazalarının bağlanılmasının hədəfləndiyi qeyd edilir.
Qəzet, "Bu plan, beynəlxalq geosiyasi oyunda partlamağa hazır bir bombadır. Əgər Çipras bunu etsə qapımızın ağzında kiçik bir Kuba ortaya çıxacaq" - ifadələrinə yer verir.
«Il Giornale»nin iddiasına görə, SYRIZA-nın partiya proqramında başqa risqli addımlar da var: Əfqanıstan və Balkan ölkələrindəki yunan birlikləri geri çəkiləcək, İsraillə imzalanan hərbi müqavilələr ləğv ediləcək, 1967-ci ildəki sərhədlər əsasında Fələstin dövlətinin qurulmasına yardım ediləcək və Türkiyə ilə razılığa gəlmək üçün müzakirələr aparılacaq.
Xəbərdə daha sonra bildirilir ki, bu sərt tədbirlər, Yunanıstanın Qərbdən uzaqlaşmaq arzusuna işarə edir. Buna paralel olaraq Yunanıstan və Rusiya arasında yeni bir əməkdaşlıq oxu ortaya çıxır.
SYRIZA-nın seçkilərdən əvvəl ictimaiyyətə təqdim etdiyi 40 maddəlik partiya proqramında ölkənin NATO-dan çıxarlması da yer alırdı. Ancaq partiya lideri Aleksis Çipras NATO ilə qarşı-qarşıya gəlmənin, Yunanıstanın mənafeyinə uyğun olmadığını söyləyərək, SYRIZA-nın NATO-ya əks mövqe sərgiləyəcəyindən imtina etmişdi.
Ancaq qəzetin əldə etdiyi son məlumatlar göstərir ki, Yunanıstanın yeni hökuməti NATO-dan çıxmaqla bağlı planından geri çəkiləməyib və bununla bağlı gizli bir plan da hazırlayıb.