Ukrayna, Rusiya, Almaniya və Fransa liderləri arasında fevralın 11-də Ukrayna böhranının müzakirəsi məqsədilə Minskdə görüş keçirilə bilər. Bu barədə bazar günü 4 ölkənin liderləri arasında keçirilmiş telefon danışıqlarından sonra elan edilib.
Almaniya höküməti rəsmisinin sözlərinə görə, 4 ölkənin rəhbərləri "Ukraynanın şərqində münaqişənin hərtərəfli həllinə nail olmaq məqsədilə tədbirlər paketini müzakirə ediblər".
Steffen Seibertin sözlərinə görə bu istiqamətdə iş bazar ertəsi Berlində də davam etdiriləcək: "Məqəsd çərşənbə günü Minskdə 'Normand formatında' sammitin keçirilməsidir".
Steffen Seibert eləcə də bildirib ki, çərşənbə günü Minskdə ötən ilin sentyabr ayında atəşkəs sazişinə imza atmış 4 tərəf - ATƏT, Rusiya, Ukrayna və rusiyapərəst separatçılar - arasında da görüş keçirilməlidir.
Minkskdə görüşün keçiriləcəyi xəbərini Ukrayna prezidenti Petro Poroşenkonun mətbuat xidməti də təsdiqləyib. Ukrayna prezidentinin rəsmi saytında yerləşdirilmiş məlumatda qeyd olunduğu kimi kimi, 4 ölkənin liderləri "Minsk görüşündə atəşkəsin şərtsiz elan olunması razılığının əldə ediləcəyinə ümid bəsləyirlər".
Rusiya prezidenti Vladimir Putin isə Minskdə mümkün sammitin keçiriləcəyi barədə daha ehtiyatlı kəlmələr işlədərək danışıb. "Son zamanlar intensiv müzakirə edilən bir sıra bəndləri çərşənbə gününədək razılaşdırmaq mümkün olsa Minskdə görüş baş tuta bilər", - Vladimir Putin Aleksandr Lukaşenko ilə görüş zamanı bildirib..
Bazar günü Ukrayna, Rusiya, Almaniya və Fransa liderləri arasında telefon danışıqları keçirilib. Danışıqların mövzusu Ukrayna böhranı olub. "Normand formatında" telefon danışıqları keçirilməsi barədə razılıq cümə günü Almaniya və Fransa prezidentlərinin Kiyev və Moskvaya səfəri zamanı əldə edilmişdi. Angela Merkel və Franua Olland Ukrayna və Rusiya prezidentlərilə yeni sülh təşəbbüslərini müzakirə ediblər. Həmin təşəbbüslərin təffərüatı hələlik açıqlanmayıb. Fransa prezidenti yalnız onu bildirib ki, tərəflərə Ukrayna qoşunları və rusiyapərəst separatçıları ayıran təmas xətti boyu eni 50-70 km olacaq silahlardan azad "bufer zonası" yaradılması təklf olunub.
F. Hollande əlavə edib ki, bu təşəbbüs və cümə günü prezident Vladimir Putinlə keçirilmiş danışıqlar Ukraynanın şərqində hərbi münaqişənin eskalasiyasının qarşısını ala biləcək son imkanlardan biridir.
Münhendə keçirilən Təhlükəsizlik məsələləri üzrə beynəlxalq konfransda etdiyi çıxışnda Angela Merkel isə deyib ki, son günlər ərzində Ukrayna böhranının həlli istiqamətində göstərilmiş diplomatik səylərin müsbət nəticə verəcəyində tam əmin deyil.