Rusiya Ukraynanın şərq bölgələrində yeni silahları sınaqdan keçirir. Bu baradə məlumat yayan BBC, 2008-ci ildə Gürcüstana hücum zamanı Rusiyanın hərbi rəhbərliyinin rus ordusunun müasir döyüş silahları sahəsində çox geri qaldığını anladığını yazır.
Baki-xeber.com xəbər verir ki, Rusiya Federasiyasının yenidən silahlanma üçün 7 il sərf etdiyini və indiki vaxtda yeni silahları Donbasda sınadığını iddia edən BBC, bu sırada iki texnologiyanın adını da çəkir: insansız hava vasitələri və radioelektron mübarizə vasitələri.
Sözügedən iki texnologiya 2008-ci ildə rus ordusunun ən zəif tərəfi kimi görülürdü, indi isə bunlardan Donbasda daha çox istifadə edildiyini yazan BBC, Ukrayna ordusunun Rusiya ordusu ilə müqayisədə geri qaldığını bildirir.
Ukraynalı əsgərlərin istifadə etdiyi belə rabitə sistemilərinin tez-tez sıradan çıxdığını və üstəlik Rusiya avadanlıqları vasitəsilə bu sistemlərin yerini təsbit etməyin mümkün olduğunu yazan BBC, bunun nəticəsində də Ukrayna ordusunun rus əsgərlərinin hədəfinə çevrildiyini qeyd edir.
Bundan başqa Rusiyanın terrorçuları tank əleyhinə silahlar və yeni havadan müdafiə sistemləri ilə təmin etdiyi bildirilir.
Bundan əvvəl Ukraynanın keçmiş müdafiə naziri Valeriy Geletey Rusiyanın Donbası yeni silahların sınağı üçün poliqon kimi istifadə etdiyini demişdi. Ukrayna Silahlı Qüvvələri isə Rusiyanın Ukraynada bütün güllə keçirməyən jiletləri deşən yeni silahın sınağını keçirdiyini bildirir.