İŞİD-ə qarşı mübarizədə İraq ordusuna qatılan İranın dəstəklədiyi qüvvələr orduda idarəçiliyi ələ keçirir. İngiltərənin «Times» qəzeti yazır ki, ABŞ isə buna heç bir reaksiya vermir.
Baki-xeber.com xəbər verir ki, İraq ordusu İran kəşfiyyatının generalı Kasım Süleymaninin tövsiyəsi ilə Tehranın dəstəklədiyi şiə qrupları da orduya cəlb etməyə başlayıb. Bu qruplar arasında bir vaxtlar İraqdakı daxili qarşıdurmalarda minlərlə sünnini öldürməkdə günahlandırılan Bədir Briqadaları da var. Bir vaxtlar silahlı güc olan, Səddam Hüseynin devrilməsindən sonra isə siyasi partiyaya çevrilən İraqlı Bədir Briqadalarının, ya da yeni adı ilə Bədir Təşkilatının lideri Hadi əl Amiri bu həftə İraqdakı Amerika səfirinin ona şəxsən Bədir Təşkilatını hava hücumları ilə dəstəkləməyi təklif etdiyini bildirib.
«Times» qəzeti yazır ki, İŞİD-ə qarşı mübarizədə o qədər də çox variantı olmayan ABŞ-ın, cihatçılara qarşı yerüstü əməliyyatlarda toqquşma gücü olan hər kəslə əməkdaşlıq etmək məcburiyyətində qalıb.
İŞİD-in keçən yay irəliləyişlərindən sonra Bağdad, Nəcəf və Kərbəlaya göndərilən şiə qrupların altı ay sonra İraq əsgərlərini idarə etməyə başladığı bildirilir.
İran qaynaqlarına görə, İraq ordusuna amerikalı əsgərlər təlim keçdiyi halda, əsl idarəçilik Tehranın əlindədir. İranlı qaynaq, "(İranlı general) Süleymani, İraq ordusuna İranın ən güvəndiyi qrup olan Bədir Təşkilatından faydalanmalarını söylədi" – deyə bildirib.
İran Suriyada 2 min hərbçisi vuruşduğu üçün, İraqa göndərdiyi əsgər sayını məhdud saxlamağa çalışır. İraqa yalnız İranın əsas hərbi gücü olan İran İnqilabı Keşikçiləri Korpusu ("Sepah") və Süleymaninin başçılıq etdiyi «Qüds briqadası»nın zabitləri göndərilib.
İranın dəstəklədiyi Bədir Təşkilatından Məhəmməd əl Gabanın oktyabr ayında Daxili İşlər Nazirliyinə gətirilməsi, təşkilatı İraq hökuməti daxilində də güclü mövqeyə gətirib.
ABŞ prezidenti Barak Obamanın, Müdafiə Nazirliyinə gətirməyi düşündüyü Eşton Karter isə bu vəziyyətdən narahat olduğunu dilə gətirib.