"Mən nəinki tanınmış müsavatçı Qubad İbadoğlunun, hətta ayda bir dəfə partiya qərargahına gəlməyən sıravi müsavatçının belə partiyadan çıxarılmasının qəti əleyhdarıyam. Çünki indiki həssas zamanda, qurultaydan 4 ay keçən bir dövrdə hələ də cəmiyyətin və iqtidarın nəzərində olan partiyadan bu cür xaricedilmələr, istefalar bizə başucalığı gətirmir”.
Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Başxanım Abbaslı deyib.
B. Abbaslı bildirib ki, Q. İbadoğlu kimi böyük bir iqtisadçının, böyük bir alimin Müsavat Partiyasından getməsinin tərəfdarı olmayıb: "Ona görə də mən dünən Divanın iclasında Qubad İbadoğlunu müdafiə etdim və onun partiyadan çıxarılmasının əleyhinə səs verdim”.