ABŞ-da 11 sentyabr 2001-ci il hücumları ilə əlaqədar həbs edilən Zəkəriyyə Musavi Səudiyyə Ərəbistanının kral ailəsinin hücumlar üçün maddi yardım etdiyini iddia edir.
Baki-xeber.com xəbər verir ki, ABŞ-da ömürlük həbs cəzasına məhkum edilmiş Musavi bu iddianı 11 sentyabr qurbanlarının ailələrinin Səudiyyə Ərəbistanına qarşı açdığı iddia çərçivəsində oktyabr ayında vəkillərinə verdiyi ifadədə dilə gətirib. Onun bu ifadəsi Səudiyyə Ərəbistanının iddianın rədd edilməsini tələb etməsi ilə ortaya çıxıb.
11 sentyabr qurbanlarının ailələri, Səudiyyə Ərəbistanı dövləti və Səudiyyə hökumətilə əlaqəli bir yardım təşkilatının «Əl Qaidə»yə maddi dəstək verdiyi və təşkilatın 11 sentyabr hücumlarını reallaşdırmasına yardım etməsilə bağlı iddia qaldırıb. Şikayətçilər arasında qurbanların ailələrindən başqa, hücumlarda zərər görən bina və obyektlərin sığorta şirkətləri də var.
Musavi ifadəsində aralarında keçmiş kəşfiyyat şefi şahzadə Türki əl Faysalın da olduğu son dərəcədə məşhur səudiyyəlilərin 90-cı illərin sonundan etibarən «Əl Qaidə»yə pul dəstəyi verdiyini bildirib. Musavi ABŞ-dakı Səudiyyə Ərəbistanı səfirliyi rəsmilərindən biri ilə Əfqanıstanda görüşdüyünü, birlikdə Amerika prezidentinin rəsmi təyyarəsi olan «Air Force One»ı vurmaq üçün planlar hazırladıqlarını iddia edib.
Səudiyyə Ərəbistanı isə həbsdə olan bir şəxs tərəfindən ortaya atılan bu iddianı rədd edir.
Səudiyyənin Vaşinqtondakı səfirliyi də iddiaların 11 sentyabr hücumları ilə əlaqədar əvvəlki dəlillərlə ziddiyyət təşkil etdiyini, Musəvinin məqsədinin ABŞ- Səudiyyə Ərəbistanı münasibətlərini zədələmək olduğunu bildirib.
11 sentyabr hücumlarından 1 ay əvvəl viza pozuntularına görə, saxlanan Musəvi, bir sərnişin təyyarəsilə Ağ Evə hücum etməyi planlaşdıran qrupda olduğunu açıqlayıb.
Bundan başqa, 46 yaşlı Fransa vətəndaşı Musavinin bank hesabına «Əl-Qaidə» ilə əlaqəli şəxslər tərəfindən pul göndərildiyi ortaya çıxıb.
11 sentyabr 2001-ci ildə terrorçular qaçırdıqları iki təyyarə ilə Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə, digər bir təyyarəni isə paytaxt Vaşinqtonda məşhur Müdafiə Nazirliyi binası - Pentaqona çarpmışdılar.
Qaçırılan dördüncü təyyarə isə Pensilvaniyada yerə düşmüştü. Qanlı hücumlar nəticəsində 3 mindən çox adam ölmüşdü.