"Dağlıq Qarabağda və Azərbaycan-Ermənistan sərhədində gərginlik müvəqqəti xarakter daşıyır”. Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Siyasi Təhqiqatlar Mərkəzinin Şurasının sədri, tanınmış hərbi ekspert, ehtiyatda olanda general-leytenant Yevgeni Bujinski deyib.
Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında müharibə olmayacaq: "20 ildən artıqdır ki, iki qonşu ölkə arasında münaqişə davam edir. Fikrimcə, Dağlıq Qarabağ konflikti artıq həll olunmalıdır. Lakin bu həll yolu müharibə deyil. Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarını azad etməldir”.
Hərbi ekspert Rusiyanın Dağlıq Qarabağ konfliktinin həllində çıxılmaz vəziyyətdə qaldığını söyləyib: "Rusiyanın bu məsələdə açıq-aydın mövqe bildirməsi çox çətindir. Ermənistan Rusiyanın müttəfiqidir. Azərbaycan isə Rusiya üçün olduqca strateji əhəmiyyətli tərəfdaş ölkədir. Rusiya ümid edir ki, Azərbaycan və Ermənistan öz aralarında hansısa razılığa gəlsin”.