Ukraynanın keçmiş baş naziri Nikolay Azarov Ukrayna və Avropa Birliyi (AB) arasında keçirilməsi planlaşdırılan tərəfdaşlıq razılaşması mövzusunda Avropa Komissiyasından təzyiq gördüyünü və iqtidar dəyişikliyi ilə təhdid edildiyini iddia edir.
Baki-xeber.com xəbər verir ki, Azarovun başçılıq etdiyi keçmiş Kiyev hökuməti AB ilə imzalanması gözlənilən razılaşmanın öncəki bir tarixə təxirə salınmasını Ukrayna böhranının başlanğıc nöqtəsi kimi görürür.
Azarov hökumətinin müqaviləni təxirə salmasının ardından paytaxt Kiyevdə ölkədə son on ildə ən geniş etirazlar başlamışdı. Etirazlar sonda hakimiyyət dəyişikliyi ilə nəticələnmişdi.
Moskvada mətbuat konfransı edən Azarov, hadisələrin yaşandığı dövrə toxunub və AB Komissiyasının o zamankı genişlənməyə məsul üzvü Stefan Füle tərəfindən hakimiyyət dəyişikliyi ilə təhdid edildiyini bildirib. O, Stefan Fülenin şəxsən ona bir neçə dəfə «razılaşma imzalanmazsa, o zaman razılaşmanın başqa bir hökumət tərəfindən imzalana biləcəyini» dediyini bildirib: «Putin ya da Medvedyev müqaviləni imzalayacağımız halda başqa bir hökumətimiz və prezidentimiz olacağını mənə heç bir vaxt deməyiblər. Ancaq Füle bunu mənə dedi».
Razılaşmanı yeni hökumət imzaladı
Qeyd edək ki, Ukrayna hökuməti AB ilə tərəfdaşlıq razılaşmasını 2014-cü ilin iyununda imzalayıb. Sazişin bir hissəsi noyabr ayında qüvvəyə minib, Ukrayna ilə AB arasında sərbəst ticarət bölgəsi yaradılmasını nəzərdə tutan maddə isə 2016-cı ildə qüvvəyə minəcək.
Ortaqlıq razılaşması Ukrayna ilə AB arasında daha yaxın iqtisadi əlaqələrin qurulmasını nəzərdə tutur.
Sazişin tam qüvvəyə minməsi üçün 28 AB üzvü ölkənin parlamentləri tərəfindən təsdiqlənməsi lazımdır. Müqaviləni indiyə qədər Çex Respublikası, Slovakiya, Macarıstan, Rumıniya, Bolqarıstan, Estoniya, Latviya, Litva və İsveç təsdiqləyib.