Iqtisadi sanksiyalarla Rusiyanın Ukrayna siyasətini dəyişdirməyi hədəfləyən amma bu ana qədər məqsədinə çata bilməyən Qərb indi də Ukraynaya ağır silah yardımı məsələsini müzakirəyə çıxarır.
Baki-xeber.com xəbər verir ki, ABŞ Dövlət Departamentindən gələn «bütün variantlar açıqdır» mesajının ardından Ağ Ev bu mərhələdə sanksiyaların prioritet olduğunu bəyan edib: "Başqa ölkələrdən daha çox silah yollanması Ukrayna problemini həll etməz. Çözmün Rusiyaya tətbiq ediləcək iqtisadi sanksiyalarla olacağına inanırıq".
ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki isə "Heç kim Rusiya ilə döyüşə girmək istəmir. Bizim hədəfimiz bu deyil. Lakin Rusiyanın mövqeyini dəyişdirməsini istəyirik. Müzakirələrimiz davam edir. Bölgədəki qarşıdurmaların yenidən şiddətlənməsini qayğı ilə izləyirik" deyərək, Ukraynaya silah göndərilməsinin ehtimallar xaricində olmadığına işarə edib. Psaki, hələ bu mövzuda dəqiq bir qərara gəlmədiklərini də vurğulayıb.
Ancaq Psakinin açıqlamasından sonra Obamanın Milli Təhlükəsizlik məsləhətçisi Ben Rhodes daha təmkinli açıqlamalar verib. O, bildirib ki, Ukrayna böhranına veriləcək qarşılığın bölgəyə silah göndərilməsi olduğunu düşünmürük. Bunun problemi həll etməyəcəyini deyən Rhodes, sanksiyaların Rusiya üzərində təzyiqi artırmaq üçün ən təsirli vasitə olduğuna inandığını vurğulayıb.
Berlində mərkəzləşmiş Transatlantik Araşdırmalar İnstitutunun eksperti Otfried Nassauer ABŞ rəhbərliyinin bu mərhələdə təmkinli olmasını fikir ayrılığı ilə izah edir: "Amerika rəhbərliyində silah göndərilməsinin qarşıdurmanı daha da şiddətləndirib- şiddətləndirməyəcəyi mövzusunda hələ də fikir ayrılığı var. Əsas təhlükə də budur. Silah vermək, yanğını alovlandırmaq və ABŞ-la Qərbi də bu qarşıdurmanın içinə çəkməyə çalışan Ukrayna hökumətinin çörəyinə yağ sürtmək demək olar".
Silah göndərilməsi ilə bağlı müzakirələr ABŞ-ın Avropadakı müttəfiqlərindən Almaniyada da qızğın müzakirələrə yol açıb. Almaniya Kiyevə silah göndərilməsinə qarşı çıxır. Alman hökumətinin Rusiya ilə əlaqələr koordinatoru Gernot Erler ABŞ-ı xəbərdar edərək, Ukraynaya silah göndərilməsinin Qərbin bu ana qədər tutduğu mövqeyində qırılmalara yol açacağını bildirib. Erler Qərbin diplomatik həll yolunu davam etdirməsinin lazım olduğunu deyir. Almaniyada belə hesab edilir ki, ABŞ silah göndərərsə bu Rusiya ilə gərginliyin daha da artmasına gətirib çıxara bilər.