İŞİD terror qruplaşması əsir götürdüyü iordaniyalı pilot Muat əl Kəsasbehi edam edib. Terrorçular bununla bağlı kadrlar yayıb. Girov diri-diri yandırılıb.
Baki-xeber.com xəbər verir ki, internetdə yerləşdirilmiş video çarxda silahlıların dəmir qəfəsə salınmış iordaniyalı pilotun üzərinə benzin tökərək diri-diri yandırması səhnəsi əks olunub. Kəsasbeh edam edildikdən sonra onun qalıqları ekskavator vasitəsilə basdırıb.
Bundan əvvəl İŞİD girov götürdüyü 2 Yaponiya vətəndaşını edam edib. Terrorçular girov götürdüyü yaponların və iordaniyalı pilotun azad olunması üçün İordaniya həbsxanalarından Sacide Rişavinin azad edilməsini tələb edirdi. Ancaq İordaniya hökuməti də pilotun sağ olmasına dair dəlil istəyirdi.
Məlumata görə, İŞİD-in bu addımının ardından İordaniya da, keçən həftə mübadilə yolu ilə sərbəst buraxılmasını istədiyi Sacide Rişavini edam etməyə hazırlaşır. AFP təhlükəsizlik rəsmilərinə istinadən Rişavinin çərşənbə günü edam ediləcəyini bildirir. «Reuters» də təhlükəsizlik qaynaqlarına istinadən edamın bir neçə saat içində reallaşacağını bildirir. O, 2005-ci ildə İordaniyada canlı bomba kimi hücuma cəhdi etmiş, ancaq üzərindəki bombalar patlamadığı üçün tutulmuşdu.
Edamların tək Rişavi ilə məhdudlaşmayacağı da bildirilir. Anadolu Agentliyinin İordaniya Mediadan Məsul Dövlət Nazirliyinə istinadən xəbərinə görə, Rişavidən başqa, İordaniya həbsxanalarında aralarında "Əbu Hüzeyfe" ləqəbli Ziyad Kerbulinin də olduğu yüksək səviyyəli İŞİD yaraqlılarının edam ediləcəyini bildirib.
«Al Jazeera»nin yaydığı məlumata görə, İordaniyada həbsxanalarında olan bəzi İŞİD yaraqlıları ölkədə edam cəzalarının tətbiq edildiyi yeganə həbsxana - Suvaykaya aparılır.