Ermənistan əcnəbi sərmayəçilər üçün özünün onsuz da zəif olan mövqeyini itirir. Trend xəbər verir ki, bu barədə "Aykakan Jamanak” qəzeti yazır. "Fitch” beynəlxalq reytinq agentliyi Ermənistanın xarici və milli valyutada uzunmüddətli defolt emitenti reytinqini (DER) "VV-"dən "V+"dək azaldıb. Reytinqlər üzrə proqnoz sabitdir.
Qəzet yazır: "Ölkənin xarici və yerli valyutada əsas təmin olunmamış istiqrazlarının reytinqləri "BB-"dən "B+"ə qədər düşüb. Qısamüddətli xarici valyutada DER "B" səviyyəsində təsdiqlənib. Bundan cəmi iki həftə əvvəl "Moody's” beynəlxalq reytinq şirkəti Ermənistanın dövlət istiqrazlarının reytinqini "Ba2"-dən "Ba3"-dək azaltmışdı, eləcə də proqnozu sabitdən mənfiyədək pisləşdirmişdi. Buna Avropa Bankının Ermənistanda iqtisadi artımın tempinin azalması haqqında proqnozu və "Heritage Foundation” tərəfindən hazırlanan iqtisadi sərbəstlik cədvəlində ölkədəki dərin tənəzzülü də əlavə etsək, aydın olar ki, Ermənistan əcnəbi investorlar üçün özünün onsuz da zəif olan mövqeyini itirir”.
Qəzetin yazdığı kimi, ümumilikdə isə ölkədəki maliyyə-iqtisadi vəziyyət və gözləntilər heç vaxt indiki qədər pis olmayıb.