Ukrayna hakimiyyəti rusiyapərəst üsyançılar tərəfindən demək olar ki, tamamilə mühasirəyə alınan Debaltseve şəhərinin sakinlərini evakuasiya edir. Şəhərdə davam edən döyüşlərdə onlarla adamın öldürüldüyü bildirilir.
Qeyd edək ki, bundan əvvəl BMT Ukrayna hərbçiləri və separatçılara müraciət edərək münaqişə zonasında olan Qorlovka və Debaltseve şəhərlərinin əhalisini evakuasiya etməyə çağırıb. BMT Baş katibinin nümayəndəsi Stefan Düjarrik bildirib ki, bununla əlaqədar BMT-nin Ukraynadakı humanitar əlaqələndiricisi Nil Uoker dərhal atəşkəsin əldə olunmasına çağırıb: "Bu, mülki şəxslərə istədikləri təqdirdə hərbi əməliyyatlar zonasını tərk etməyə, humanitar təşkilatlara isə əhaliyə yardım göstərməyə, dinc sakinlər və yaralıları evakuasiya etməyə imkan verəcək”.
BMT rəsmisinin sözlərinə görə, dinc sakinlər silahlı toqquşmalar gedən əraziləri tərk etmək istəsələr də, səngimək bilməyən döyüşlər ucbatından bunu edə bilmirlər.
Ukrayna baş naziri Arseniy Yatsenyuk deyib ki, indiyədək təxminən 1000 sakin şəhərdən çıxarılıb. Onun sözlərinə görə, bunun üçün altı avtobus fəaliyyət göstərir, lakin üsyançılar bu avtobusları atəşə tutur. Evakuasiya əməliyyatında könüllülər qrupları da yardım göstərir.
Debaltsevedə təxminən 25 000 adam yaşayır. Şəhər üsyançıların idarə etdiyi Luqansk və Donetsk əraziləri arasında yarı yolda yerləşir və strateji dəmiryolu qovşağı sayılır.
Yanvarın 31-dən fevralın 1-ə keçən gecə Donetsk, Debaltseve və Meriupol kimi mühüm ərazilərdə döyüşlərin davam etdiyi bildirilir.
Məlumata görə, bu döyüşlərdə ən azı 40 nəfər həlak olub. Ukrayna rəsmilərinə əsasən son sutka ərzində 15 Ukrayna əsgəri və 12 mülki şəxs öldürülüb. Üsyançılar tərəfindən mülkilər də daxil olmaqla 13 nəfərin öldürüldüyü deyilir.
Donetsk oblastının DİN başçısı Vyaçeslav Abroskin bildirib ki, şəhər susuz və işıqsızdır.