Ukraynanın şərqindəki separatçılar bildiriblər ki, onlar strateji Debaltseve məntəqəsində Ukrayna qoşunları ətrafında yaranmış qövsü qapatmaqla 10 minlik hökumət qoşunlarını mühasirəyə almağa hazırlaşırlar. Separatçıların hərbi komandanı bildirib ki, Debaltseve şəhərini hökumət qoşunlarının nəzarətində olan başqa ərazilərlə birləşdirən magistral şosse yolu və mühüm yüksəkliklər onların əlinə keçib.
Ukrayna Müdafiə Nazirliyindən alınan məlumatlar da bu xəbərləri təsdiq edir. Nazirliyin sözçüsü Andriy Lysenko bildirib ki, Debaltseve iki cinahdan sıxışdırılıb və Qrad raketlərinin intensiv atəşi altındadır. Lakin bəzi Kiyev rəsmiləri separatçıların bəyanatlarının şişirtmə olduğunu iddia edirlər.
Debaltseve Kiyevi separatçı Donetsk və Luqansk şəhərləri ilə birləşdirən yolun qovşağında yerləşir.
Ağ Evin bəyanatlarında israr edilir ki, cəbhənin məhz bu məntəqəsində Rusiyanın nizami qoşunları döyüşürlər. Kiyev və Qərb bildirir ki, Debaltseve üzərinə hücum Minks razılaşmalarına əsasən elan edilmiş sentyabr atəşkəsinin pozulması deməkdir. Separatçılar da indi bunu inkar etmirlər və onlar üçün bu atəşkəs razılaşmasının etibardan düşdüyünü söyləyirlər.
Separatçıların hərbi lideri Basurin deyib ki, Minsk razılaşması artıq qüvvədə deyil.
Debaltseve üzərinə hücumdan əvvəl Rusiya tərəfindən dəstəklənən separatçılar dəniz limanı Mariupolu ağır artilleriya atəşinə tutmuşdular.
Bir sıra ekspertlərin proqnozuna görə, Rusiya separatçılar tərəfindən Mariupolun tutulmasına nail olacaq və bununla da separatçı region ilhaq edilmiş Krımla birləşəcək.
Bundan sonra Rusiyanın "Malorossiya” adlandırdığı Ukrayna torpaqlarının de-fakto qoparlması prosesi başlanacaq.