"Ermənistanın pilotsuz uçan aparatının Azərbaycan ərazisinə soxulması və Silahlı Qüvvələrimiz tərəfindən vurulması əvvəla onu göstərir ki, Ermənistan atəşkəs rejimini pozmaqla bir neçə məsələyə diqqəti yönəltmək istəyir”. Bu barədə Trend-ə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Fərəc Quliyev deyib.
O, qeyd edib ki, birincisi, Ermənistan hakimiyyəti diqqəti ölkə daxilindəki çox ağır ictimai-siyasi gərginlikdən cəbhə xəttinə yönəltmək istəyir: "İkinci məsələ isə budur ki, danışıqlar prosesini pozub status-kvonu saxlamaq istəyirlər. Vurulan uçan aparat da Ermənistana məxsus deyil, Rusiyanın aparatıdır. Çünki bu gün Ermənistanın bu cür aparatlar almaq və idarə etmək qabiliyyəti yoxdur”.