Rusiyanın tanınmış müxalifət lideri, Putinin əsas rəqiblərindən biri hesab olunan Aleksey Navalnıy martın 1-də xalqı küçələrə çıxmağa çağırıb.
Baki-xeber.com xəbər verir ki, internet vasitəsilə moskovalılara müraciət edən Aleksey Navalnıy onları "böhrana qarşı bahar yürüşü" şüarı ilə keçiriləcək nümayişdə iştirak etməyə dəvət edib.
Rusiya prezidenti Vladimir Putinin ölkəni böhrandan çıxarmağı bacarmadığını deyən 38 yaşlı müxalifət lideri, hökuməti istefa verməyə çağırıb: "Putin hakmiyyəti neft gəlirlərinə baxmayaraq ölkəni çıxılmaz vəziyyətə və iflasa sürükləyir".
Navalnıy liberal müxalifət nümayəndələrinin də 1 mart aksiyasına dəstək verdiyini bəyan edib. Aksiya təşkilatçılarının tələbləri arasında Rusiyanın bəzi ölkələrə tətbiq etdiyi qida embarqosuna son qoyulması da yer alır. Moskva Ukrayna böhranından dolayı ona qarşı sanksiya tətbiq edən Qərbə cavab olaraq bəzi ölkələrə qida embarqosu tətbiq edib.
Bundan başqa Putin hakimiyyəti, hərbi xərcləri azaltmağa və Ukraynadakı qarşıdurmalara son qoymağa çağırılır.
Keçən ilin fevral ayından bəri ev həbsində olan Aleksey Navalnıy, dekabr ayında 3 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib.