Rusiyanın Makroiqtisadi təhlil və Qısa müddətli Təxminlər Mərkəzi bu il Rusiyada 200 bankın (ölkədəki hər beş bankdan birinin) bağlana biləcəyini proqnozlaşdırır. Gələn il də 160 bankın iflas edəcəyi bildirilir.
Baki-xeber.com xəbər verir ki, Rusiya bankları ilə bağlı araşdırma aparan mərkəz, ölkədəki bir çox bankın Rusiyanın Mərkəzi Bankının pul və kredit siyasətindən təsirləndiyini müəyyənləşdirib.
Mərkəzin mütəxəssisi Mixail Mamonov bildirir ki, iqtisadi faktlar və proqnozlar nəzərə alınsa, böyük ehtimalla Mərkəz Bankın təyin etdiyi faiz nisbəti artaraq 17-37 faiz arasında olacaq.
"Hazırki sərt faiz siyasəti davam edəcəyi halda 2015-ci ildə 280-dən çox bankın 1,2 trilyon rubl, 2016-ci ildə isə 230 bankın 1 trilyon rubl əlavə sərmayəyə ehtiyacı olacaq" deyən Mamonov, bankların ancaq bu üsulla problemli borcları bağlaya biləcəyini qeyd edir.
Problemlə üz-üzə qalacaq bankların əlavə sərmayə ehtiyacının 27 faizinin bank sərmayəçilərinin özləri tərəfindən qarşılana biləcəyini deyən Mamonov, qalan hissənin ancaq dövlətdən təmin edilə biləcəyini bildirir. Dövlət dəstəyi olmasa isə 2015-ci ildə 200-dən çox bank, 2016-ci ildə isə 160 bank hazırkı siyasətə dözə bilməyib bazarı tərk edəcək.
Rusiyanın "İnterfaks-SEA" iqtisadi analiz mərkəzi də, bu il Rusiyada 150-200 bankın iflas edə biləcəyini proqnozlaşdırır. "İnterfaks-SEA" rəsmilərindən Aleksey Buzdalin, "2015-ci ildə ümumi daxili məhsulun gözlənilən 3-5 faiz azalması və kredit risqlərinin artacağı halda 150-200 bank lisenziyasını itirə bilər. Bu məsələ, yalnız böhranın nəticəsi deyil, həm də 2000-ci illərdə qurulan kiçik bankların aktiv artım tempinin azalmasının nəticəsidir" - deyə bildirir.