Rusiya sülhməramlı kontingentinin gündəlik fəaliyyəti ilə bağlı hər hansı sənəd yoxdur. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, üçtərəfli bəyanatda bir çox məsələlər əksini tapıb: “Rusiya sülhməramlı kontingentinin gündəlik fəaliyyəti ilə bağlı isə hər hansı sənəd yoxdur. Hazırda belə bir sənəd üzərində də iş aparılmır”.
“Çox güman ki, Rusiya bunda maraqlı deyil”
Sözügedən məsələ ilə bağlı hərbi ekspert Ramil Məmmədliyə bir neçə sual ünvanladıq:
- Sülhməramlıların gündəlik fəaliyyətini əks etdirəm sənəd niyə də olmasın, niyə də bilməyək ki, onlar gündəlik nə edirlər?
- Tamamilə haqlı yanaşmadır. Beynəlxalq təcrübədə sülhməramlı fəaliyyətlə məşğul olan birləşmələr gündəlik fəaliyyətlərini sənədləşdirirlər. Bununla bağlı aylıq, rüblük hesabatlar dərc olunur. Bu, həm sülhməramlıların məsuliyyətini artırır, həm də onların fəaliyyəti ilə bağlı bir şəffaf atmosfer yaranır. Biz bilməliyik ki, sülhməramlılar gündəlik olaraq nə ilə məşğuldular. Belə olarsa, o zaman bir sıra yaşanan xoşagəlməz hallara da son qoyulacaq. Biz nəzərə almalıyıq ki, Qarabağdakı sülhməramlılarla, onların fəaliyyəti ilə bağlı Azərbaycanda birmənalı fikir yoxdur. Bu da ondan irəli gəlir ki, sülhməramlılar zaman-zaman separatçıların qanunsuz hərəkətlərinə, şıltaqlıqlarına göz yumurlar. Fəaliyyət missiyalarına aid olmayan məsələlərlə məşğul olurlar. Bütün bunlar istər-istəməz Azərbaycan cəmiyyətində qıcıq yaradır.
- Sizcə, sülhməramlıların gündəlik fəaliyyəti ilə bağlı sənəd niyə hazırlanmır?
- Fikrimcə, Rusiya bunda maraqlı deyil. Çox güman ki, sözügedən məsələ bununla əlaqədardır. Çünki Rusiya bunda maraqlı olsaydı, onlar fəaliyyətə başladığı gündən sülhməramlıların gündəlik fəaliyyəti sənədləşdirilərdi. Maraqlı olmadıqlarına görə belə bir yanaşma tətbiq olunmur. Ancaq istənilən halda, bu məsələ diqqət mərkəzində olmalıdır.
- Tez-tez belə fikirlər səslənir ki, Rusiya sülhməramlılarının beynəlxalq mandatı yoxdur. Rusiya onlara mandat verilməsini istəyir, Azərbaycan bunda maraqlı deyil. Ola bilərmi ki, mandat olmadığı üçün Rusiya sülhməramlıların gündəlik fəaliyyətini sənədləşdirmək istəmir?
- O da ola bilər. Ancaq bu əsas vermir ki, gündəlik fəaliyyətlə bağlı məlum qərar olmasın. Sülhməramlıların mandat məsələsinə gəldikdə isə, üç ildən sonra onların fəaliyyəti başa çatır. Belə olan halda nə ehtiyac var ki, onlara beynəlxalq mandat verilsin? Azərbaycanda heç kəsin ürəyincə deyil ki, Qarabağda sülhməramlılar olsun. Hamı istəyir ki, tezliklə Qarabağın digər hissəsi də bizim nəzarətimizə keçsin, qanunlarımız orada işləsin. Ancaq siyasət mümkün olanı etmək sənətidir. Çünki 2020-ci ildə vəziyyət tələb etdi ki, ora rus sülhməramlıları gəlsin. Biz onsuz da işğal altında olan ərazilərimizin çox böyük hissəsini azad etmişik. Separatçıların nəzarətində olan ərazilər hər tərəfdən mühasirədədir.
- Qarşıdakı proseslərin gedişini, nəticəsini necə proqnozlaşdırırsınız?
- Bununla bağlı nikbinəm. Nikbinliyimi şərtləndirən faktorlar onunla bağlıdır ki, Qarabağla bağlı həm siyasi, həm də hərbi üstünlüklər Azərbaycanın xeyrinədir. Dünya və beynəlxalq qurumlar Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab edir. O baxımdan əvvəl-axır biz qarşıya qoyulan bütün hədəflərə çatacağıq. Bütün Qarabağda suverenliyimizi bərpa edəcəyik.
Vidadi ORDAHALLI