Erməni mediası Qarabağdakı separatçılar arasında gərginliyin olduğuna dair ciddi iddialarla çıxış edib. Bildirilir ki, Ruben Vardanyanla qondarma rejimin “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan arasında münasibətlər kifayət qədər gərgindir.
Erməni KİV-i qeyd edib ki, əvvəllər Balasanyan ruslar və azərbaycanlılarla əsas danışıq aparan şəxs idisə, indi onu arxa plana atıblar. O, hətta mitinqdə də iştirak etməyib:
“Vardanyan “ya mən, ya da Balasanyan” tələbini irəli sürüb. Vitali Balasanyanın öz postu ilə vidalaşacağı istisna olunmur. Hətta onun yerinə separatçı qüvvələrin keçmiş komandanı Levon Mnatsakanyanın gətirləcəyi ilə bağlı məlumatlar yayılır. Qondarma rejimin keçmiş rəhbəri Bako Saakyan da “hökumətin” formalaşdırılmasında aktiv iştirak edir və Ruben Vardanyanı dəstəkləyir”.
Belə bir vəziyyətin yaranması nə vəd edir?
Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Qarabağda cərəyan edən proseslərdə ermənilərin köhnə rəhbərliyi ümumiyyətlə oyundankənar vəziyyətdə qalıb: “Arayik Artunyan Vardanyanın kölgəsində itib. Vardanyan özünü oradakı bütün separatçıların rəhbəri kimi aparır. Qarabağda yaşayan ermənilərdən onların arasında söz sahibi yoxdur. Vardanyan Rusiyaya güvənir. Ola bilsin, Fransa və ABŞ-dan da stavka ona edilir. Bunların arasında baş verənlər bizi narahat etməməlidir. Bizim strategiyamız budur ki, ümumiyyətlə bütün separatçılar Qarabağdan çıxarılsın. Bəzilərini isə ələ keçirib cinayət məsuliyyətinə cəlb etməliyik. Çünki onların əksəriyyəti Azərbaycana qarşı cinayətlər törədib”.
Ekspertin sözlərinə görə, Vitali Balasanyan o adamdır ki, Qarabağdakı ermənilərin lideri sayılan Araik Arutyunyan müharibədən dərhal sonra onu “təhlükəsizlik şurasının katibi” postuna qaytarıb: “General-leytenant Vitali Balasanyan 2016-cı il noyabrın 3-dən 2019-cu il iyunun 11-dək o zamankı qondarma qurumun “təhlükəsizlik şurasının katibi” olub. 1959-cu ildə Əsgəranda doğulan Balasanyan separatçı rejimdə diviziya komandiri, “müdafiə nazirinin müavini” olub. Daşnaksutyun partiyasının üzvüdür. 2012 və 2019-cu illərdə “Qarabağ prezidenti” vəzifəsinə namizədliyini irəli sürüb. Onun “vəzifəyə təyinatından” dərhal sonra Araik Arutyunyanın vəzifədən gedəcəyi ilə bağlı xəbərlər yayılmağa başlamışdı. Balasanyan separatçıların tör-töküntülərini dərhal başına toplayaraq demişdi ki, “Qarabağ ordusu” artıq onun rəhbərlik etdiyi “təhlükəsizlik şurasının” nəzarəti altına keçib. Yəni bu adamların hamısının əli azərbaycanlıların qanına batıb”.
Sülhməramlılar vəzifəsini icra etməlidir ki, Qarabağda dinc erməni əhalisi vətəndaşlığı qəbul etsin. Qarabağdakı terrorçu dəstələri tərk-silah etmək, Laçın yoluna nəzarət və digər bizi gözləyən məsələlər var. Ümumiyyətlə, qarşıda ciddi proseslər olacaq. Azərbaycan ərazisində yaşayan ermənilərin yorulduğu hiss olunur. Çünki nə ermənistanlı deyillər, nə Azərbaycan vətəndaşlığını qəbul edirlər, bu da parçalanmaya gətirib çıxaracaq. Azərbaycan dövləti bundan faydalana bilər və işlər də aparılır. Rəsmi səviyyədə Vardanyana edilən xəbərdarlıqlar da göstərir ki, məsələyə olduqca ciddi yanaşılır.
Məhəmmədəli QƏRİBLİ