Redaksiyamıza çox maraqlı və şokedici məlumat gəlib. Son həftələrin ən populyar bölgəsinə çevrilmiş Naxçıvandan söhbət gedir. Məsələ burasındadır ki, vətənpərvər və günahsız gənc hərbçi əsgər və zabitlərin qurama ittihamlarla həbs və işgəncələrə atılması kimi cinayət əməllərinə Naxçıvanda Vasif Talıbovun komandası da yol verib.
Ordubadda hərbi xidmət keçən və bir neçə ay ailəsindən xəbərsiz həbsdə saxlanmış əsgərin sonradan dost-tanışlarına dedikləri - "Həmin anda hərbi hissədə olmayan əsgərləri də təhqiredici istintaqa cəlb etdilər. Günahımızın nə olduğunu rəsmi demirdilər, incidirdilər, başqa kimlərin ermənilərlə işbirliyində olduğunu bilib bilmədiyimizi amansızcasına tələb edirdilər. Sonradan bildik ki, bəzi ailələrə "sizin öğlunuz vətən xainidir, satqındır" kimi xəbərlər göndərirmişlər. Hərbçilər var idi ki, ailəlikcə Naxçıvandan köçməyə və Türkiyədə məskunlaşmağa vadar edildi. Onlardan bəzilərinin şəxsi işlərinə nə yazıblarsa, bu gün də onları spesifik dövlət orqanlarında işə qəbul etmirlər. Bu gənclərin günahı nədir ki, bütün ömür boyu belə ləkə altında yaşasınlar?
Maraqlıdır ki, əsasən Aprel döyüşlərindən sonraya təsadüf etmiş bu hadisələrin qurbanları 2020-ci ildə Vətən müharibəsi üçün səfərbərliyə alındılar və Vətən üçün vuruşmağa, ölməyə hazır olduqlarını göstərdilər. İndi bu gənclərin valideynlərini, özlərini düşündürən suallar var: "Mən satqınamsa, niyə Vətən müharibəsi üçün səfərbərliyə aldılar? Satqın deyildimsə, niyə bir neçə ay inanılmaz ittiham və təzyiqlərlə qanunsuz həbsdə saxlandım..?!”
Naxçıvanda danışılır ki, hələ də canlarında Talıbov rejiminin xofunu hiss edən bu sayaq valideynlər və əsgərlər üzə çıxıb danışmaqdan, rəsmi orqanlara müraciət etməkdən çəkinirlər.
Ancaq belə qanunsuzluq qurbanları olmuş hərbçilərin sayı onlarladır.
Mövzunu izləyəcəyik.
Baki-xeber.com