Əldə olunan şanlı qələbədən sonra növbəti mərhələ Qarabağın dirçəldilməsi və bölgədə tikinti-quruculuq işlərinin aparılmasıdır. Dövlət tərəfindən “Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib.
Həmin ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun bərpası, yolların çəkilişi, məktəb, xəstəxana tikintisi sürətlə davam edir.
Məlumdur ki, ulu öndər Heydər Əliyevin doğum günündə dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna və Şuşa şəhərinə növbəti dəfə səfər etdi. Səfər zamanı şəhərdə inşa olunacaq Peşə Liseyinin təməli qoyuldu. Eyni zamanda, Prezident İ.Əliyev və birinci xanım M.Əliyeva yeni yaradılacaq mərkəzi park kompleksinin ərazisində ağac əkdilər.
Səfər zamanı dövlət başçısı 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması mərasimində də iştirak edib.
Görülən işlər onu deməyə əsas verir ki, artıq Böyük Qayıdışın bir addımlığındayıq.
“Qarabağın giriş qapısı olan Füzulidə həyata keçirilən infrastruktur layihələri həmin əraziyə geri dönəcək əhalinin rahatlığını təmin edəcək”
Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Tural İsmayılov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan işğaldan azad edilmiş torpaqlarda böyük quruculuq işləri həyata keçirir. İşğaldan azad edilmiş ərazilərdə yeni yollar salınıb, məcburi köçkünlərin ilkin qayıdışı üçün ciddi infrastruktur layihələri həyata keçirilib: “Bu layihələrin bir neçəsi tək Azərbaycanda deyil, regionda da böyük əhəmiyyətə malikdir. Zəngilanın Ağalı kəndində tətbiq edilən ”Smart village" konsepsiyasının gələcəkdə Qarabağın digər bölgələrində, Azərbaycanın başqa regionlarında da tətbiq ediləcəyini düşünürəm. Həmçinin istehsalatda, əkinçilik, maldarlıq və digər önəmli sahələrdə də fərqliliklərin olacağını güman etmək olar. Füzulidə də böyük işlər həyata keçirilir. Füzuli Hava Limanı ərsəyə gətirilib. Mayın 10-da Prezident İlham Əliyevin iştirakı ilə xəstəxana, məktəb və parkın təməli qoyuldu”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Qarabağın giriş qapısı olan Füzulidə həyata keçirilən infrastruktur layihələri həmin əraziyə geri dönəcək əhalinin rahatlığını təmin edəcək: “Nəzərə almaq lazımdır ki, Azərbaycanın müstəqilliyinin ilk illərində də Füzuli yüksək istehsalat sahələri ilə zəngin olub. Post quruculuq işlərindən sonra adıçəkilən bölgədə mühum sənaye və istehsalat sahələri istifadəyə veriləcək. Məlumdur ki, bu gün Şuşa şəhərində beynəlxalq tədbirlər həyata keçirilir. Həmin tədbirlərdə müxrəlif beyin mərkəzlərinin diskussiyaları təşkil olunur”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Qarabağda formalaşmış və yeni ərsəyə gəlmiş bütün bu imkanlar nəticəsində Azərbaycan region ölkələri arasında və bütövlükdə Avrasiya məkanında post pandemiya dövründə mühum iqtisadi, siyasi logistika mərkəzlərindən biri olacaq.
Günel CƏLİLOVA