Məşhur jurnalistlər, iqtisadçı alimlər və ekspertlərin də daxil olduğu 70 erməni vətəndaşı ölkənin Baş naziri Nikol Paşinyandan Azərbaycana qarşı ərazi iddialarını unutmağı tələb edib.
Onlar bu tələbi Paşinyana ünvanladıqları açıq məktubda bildiriblər:
“Hesab edirik ki, Ermənistanda müharibə partiyalarının zamanı geridə qalıb. Qarabağ məsələsinə aid spekulyasiyalarda özünə haqq qazandırmaq istəyən çevrilişçilərin istifadə müddəti bitib. Onlar vətəndaş müharibəsini qızışdıraraq hakimiyyəti ələ keçirmək cəhdindən başqa heç nə istəmir. Tamamilə aydındır ki, qondarma “millətin xilasediciləri”ndən heç biri nə Azərbaycanla, nə də Türkiyə ilə müharibə etmək niyyətindədir. Bu günlərdə "erməni intiqamı"nın yeganə hədəfi daxili "türkdür". Biz və bizim kimi düşünən minlərlə vətəndaşın adından Ermənistan Respublikasının legitim hakimiyyətindən öz vədini yerinə yetirməyi və Qarabağ münaqişəsini sülhlə həll etməyi tələb edirik. Heç bir "amma" olmadan sülh istəyirik!"
Belə bir məzmunda müraciətin edilməsinin arxasında hansı maraqlar ola bilər?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanla sülh danışığı mövzusunda Ermənistanda bir neçə separat proses gedir: “Biri hakimiyyətin öz daxilində apardığı, digəri müxalifət və cəmiyyətdə cərəyan edən proseslərdi. Hər üçünün fərqli interpretasiyası var. Bunu hakim komanda bir cür, müxalifəti təmsil edən “Qarabağ klanı” və vətəndaş cəmiyyəti nümayəndələri isə tam fərqli göstərir. Bu üç ayrı prosesdə yer alan radikal qrup hesab edir ki, müharibəni yenidən başlamaq lazımdır. Hakim qrup deyir ki, üçtərəfli razılaşmada olan şərtlərin qismən yerinə yetirilməsi ilə sülh sazişinə getmək lazımdır. Üçüncü qrup olan cəmiyyət isə daha çox Avropa və ABŞ-dan gələn mesajları çatdırır. Bu müraciəti edənlər üçüncü qrupa aid olanlardı. Belə siyahını incələyəndə görürük ki, bu şəxslər Nikol Paşinyan qarşı loyal və daha çox Rusiyaya bağlı qruplardı. Onların çoxu Rusiyadakı erməni lobbi qrupu tərəfindən maliyyələşən insanlardı. Onlar əslində Paşinyanı sülh sazişini imzalamağa məcbur edirlər. Bunu heç də Rusiya sülh sazişinin imzalanmasında maraqlıdır kimi də təqdim edə bilmərik. Görünür bunun özü də Paşinyanın təzyiq vasitəsidir. Hiss edilən budur ki, kriminala bağlı olan müxalifət nəyin bahasına olursa-olsun sülh prosesini saxlamaq istəyir. Hazırda Qarabağdakı proseslərin qızışması Rusiyaya aid olan bütün həssas nöqtələrə sıçraya bilər. Gürcüstan və Moldova da bu mövzuda aktivlik edib, ərazi bütövlüyünü təmin etməyə çalışacaq. Buna görə də sülh və stabillik həm də Rusiyanın xeyrinədir. Bu baxımdan da, üzdə Qərbə bağlı olduğunu hiss etdirən qrup bu müraciətlə daha çox Rusiyanın marağını ifadə etmiş olur”.
Məhəmmədəli QƏRİBLİ