Rusiya Ukraynada hərbi əməliyyatlara başlayandan bəri müxtəlif ölkələrdə, o cümlədən postsovet məkanında anti-Rusiya aksiyaları, piketlər və mitinqlər keçirilir. Ancaq Ermənistanda ermənilər Ukraynanın lehinə keçirilən aksiyalara maraq göstərmirlər.
Əvvəlcə Qərb səfirliklərinin dəstəyi ilə anti-Rusiya hərəkətlərinin əlaqələndirilməsini açıq şəkildə Ukraynanın Ermənistandakı səfirliyi və şəxsən müvəqqəti işlər vəkili Denis Avtonomov öz üzərinə götürdü. Növbəti addım ölkədə qərbyönümlü ictimai-siyasi qüvvələrin və QHT-lərin fəallaşması oldu ki, bu da onların informasiya resursları ilə bağlı anti-Rusiya fonu yaradırdı. Mayın 9-da Rusiyanın Ermənistandakı səfirliyi qarsında antirus aksiyası keçirilib. Ancaq həmin aksiyada ermənilər yox, Ukraynadan gələnlər iştirak edib. Ukraynanın Ermənistandakı səfirliyi bu kimi aksiyaları aktiv şəkildə əlaqələndirir. Belə məlumatlar var ki, Ermənistan hakimiyyəti bütün bunları bilərəkdən görməzdən gəlir. O baxımdan bu aksiyalara göz yumulmasını Ermənistnın Qərblə gizli oyunu hesab etmək olarmı? Yəni Rusiyaya qarşı?
“Paşinyan bu məsələdə Qərbdən ayrıca sifarişlərini alır və ölkədə anti-Rusiya xarakterli çıxışlara şəraitlər yaradır”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev prinsipcə bunu istisna etmədi. Onun fikrincə, ermənilərdən nə desən gözləmək olar: “Çünki onlar zaman-zaman situasiyaya uyğun davranırlar. Yəni güclü kimdirsə onun yanında yer alırlar. Sirr deyil ki, Ermənistanın mövcud hakimiyyəti bilavasitə Qərbdən idarə edilir. O da əbəs deyil ki, Nikol Paşinyan hökumətinin bir sıra təmsilçiləri Corc Sorosun əlaltılarıdır. Bu baxımdan, hazırda Ukraynadakı vəziyyətlə bağlı rəsmi İrəvanın odla su arasında qalması təəccüblü görünmür. Paşinyana və onun çevrəsinə qalanda, onlar əslində Ukrayna cinahından çıxış etmək istəyərdilər, amma onların qarşısında Kreml kimi baryer dayanıb. O cümlədən, Ermənistan Rusiya ilə istər KTMT, istərsə də Avrasiya İqtisadi İttifaqında bir yerdə təmsil olunur. Yəni İrəvan və Moskva müttəfiqdirlər. Bəli, bu gün Ermənistandakı revanşist qüvvələr, yəni sabiq hakimiyyət təmsilçiləri Moskvanın vassalları, marionetləridir. Onların bu gün ölkədə aksiyalar keçirib Rusiyanın hərbi əməliyyatlarını dəstəkləmələri yalnız bir faktora hesablanıb – Paşinyan iqtidarını devirməklə yenidən hakimiyyətə yiyələnmək. O da məlumdur ki, bu gün Rusiyada müəyyən dairələr bu müxalifətə dəstəklərini ifadə edirlər. Paşinyan isə buna müxtəlif vasitələrlə mane olmağa çalışır. Misal üçün, Rusiyanın Ermənistandakı səfirliyi qarşısında ukraynalılar tərəfindən keçirilən anti-Rusiya aksiyalarına mane olmur. Halbuki, bu yaxınlarda, sosial şəbəkələrdən də izlədiyimiz kimi, revanşistlər həmin mitinqlərə müdaxilələr edir, Rusiya lehinə çıxışları ilə ukraynalıların, ümumiyyətlə isə Ukrayna lehinə çıxış edənlərin səslərini batırmağa çalışırlar”.
Bütün bunlardan çıxış edən politoloq hesab edir ki, Nikol ona verilən sifarişləri icra edir: “Paşinyan bu məsələdə Qərbdən ayrıca sifarişlər alır və ölkədə anti-Rusiya xarakterli çıxışlara şəraitlər yaradır. Hətta belə demək mümkündürsə, Ermənistan qarşıdakı zamanlarda Qərblə Rusiyanın növbəti qarşıdurma platsdarmına çevriləcək. Artıq bütün bunların görüntüləri açıq-aydın hiss olunmaqdadır. Bu məsələdə bütövlükdə Ermənistan xalqı uduzur. Belə ki, onsuz da ağır şəraitdə olan və tənəzzülə davam edən ölkə digər tərəfdən qütblərarası poliqona çevrilməkdədir. Yəni proseslər heç bir halda İrəvanın səmərəsinə işləmir və yaxın günlərdə bu ölkədə daha kəskin siyasi və s. böhranların yaşanmasının şahidlərinə çevriləcəyik”.
Bir sözlə, politoloq Ermənistanda qarşıdurmanın kəskinləşəcəyi qənaətindədir.
Vidadi ORDAHALLI