Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan erməni KİV-inə açıqlamasında bildirib ki, aprelin 6-da Brüsseldə keçirilən üçtərəfli görüşdə ölkəsinin 6 bənddən ibarət təkliflər paketi ilə bağlı maraqlı və həqiqət yükü az olan bir açıqlama verib.
O bildirib ki, güya həmin görüşdə irəli sürülən təkliflər arasında Qarabağdakı ermənilərin təhlükəsizliyi və statusu ilə bağlı müddəa da olub və Azərbaycan tərəfi bununla razılaşıb. Təbiidir ki, bu həqiqət ola bilməz. Çünki Azərbaycan tərəfi dəfələrlə Qarabağdakı ermənilərə status verilməsinin mümkün olmadığına dair rəsmi açıqlamalar verib.
Siyasi şərhçi Sahil Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanda bəzi siyasi dairələrin Azərbaycanın guya Brüssel görüşlərində Qarabağın statusu ilə bağlı hansısa razılıq verməsi barədə səsləndirdiyi fikirlər cəfəngiyatdır, uydurmadır: “Azərbaycan dövləti statusla bağlı qətiyyətli və birmənalı mövqeyini hər zaman ortaya qoyub və bu mövqe dəyişməzdir. Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən Müharibəsindəki tarixi zəfərimizdən sonra Ermənistanın hərbi kapitulyasiyası zamanı bildirmişdi ki, Qarabağın heç bir statusundan söhbət gedə bilməz. Sonrakı dövrlərdə də dövlətimizin başçısı bu barədə sərt və qətiyyətli bəyanatları ilə məsələyə birdəfəlik nöqtə qoyub. “Status olmayacaq, status cəhənnəmə gedib”, - deyib. Ermənistandakı revanşist və pozucu qüvvələrin status məsələsi ilə bağlı manipulyasiya etmələri, gələcəklə bağlı sərsəm proqnozlar vermələri sadəcə gülünc və qeyri-ciddi görünür. Həmin qüvvələrin bu rəzil bəyanatları daxili auditoriyada ucuz dividend əldə etməyə, erməni cəmiyyətini çaşdırmağa, situasiyanı gərginləşdirməyə yönəlib. Aydın məsələdir ki, biz hazırda Ermənistandakı müəyyən separatçı qüvvələrin revanşist meyllərini, ölkədəki vəziyyəti gərginləşdirmək cəhdlərini müşahidə edirik. Əlbəttə ki, bu başıpozuq hərəkətlər Azərbaycanla başlanacaq sülh danışıqları prosesiə zərbə vurmaq məqsədi daşıyır. Ermənistan rəhbərliyi, həmçinin siyasi dairələri anlamalıdır ki, Azərbaycan dövləti qalib tərəfdir, Prezident İlham Əliyev danışıqlar masasında müzəffər ölkənin lideri kimi əyləşir. Dövlət başçımız, belə demək mümkünsə, danışıqların şərtlərini özü müəyyən edir, məğlub, eyni zamanda bütün məsələlərdə haqsız olan Ermənistanın hər hansısa bir şərt irəli sürməsi sadəcə absurddur. Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar var. Bu reallıqları bütün dünya qəbul edir. Ermənistanın da gələcək taleyi bu yeni reallıqları qəbul etməkdən və Azərbaycanla sülh müqaviləsi imzalamaqdan asılıdır”.
Məhəmmədəli QƏRİBLİ