Son günlər Türkiyədə yaşayan Azərbaycan əsilli iş adamı Mübariz Mənsimovun müsahibəsi sosial şəbəkələrdə və mediada geniş müzakirə olunur.
Ümumiyyətlə, özünün dediyi kimi, Azərbaycanda yox, xaricdə pul qazanan Türkiyədə yaşayan, işləyən və bu ölkənin dövlət büdcəsinə milyonlarla vergi ödəyən Mənsimov öz “piar”ını daha çox Azərbaycanda və Azərbaycan mediası üzərindən aparmağa üstünlük verir. Onun özü və gördüyü işlərlə bağlı son bir neçə ayda Azərbaycan mediasında xeyli yazı, xəbər və reportaja rast gəlmək olar. Gələk Mübariz Mənsimovun son müsahibəsindəki məqamlara. Əvvəla, Mənsimov iş adamı kimi müsahibə verərkən, siyasi polemikalara münasibət bildirməsi, “biz şiəyik, şiəlikdə təriqətlər olmur” kimi dini bilgisizliyini göstərən açıqlamalara, Rusiya-Ukrayna münasibətləri, Kiyev Rus Dövləti ilə bağlı bilmədiyi tarix barədə danışmasına nə ehtiyac vardı? Peşəkarlıq həm də “bir ordu cangüdən”lə bərabər bir neçə nəfərlik peşəkar piar heyəti qurmağı zəruri edir.
O, bütün müsahibəsi boyu Azərbaycan dövlətinə qarşı olmadığını, ölkənin adına xələl gətirmədiyini bəyan edir. Amma faktiki M.Mənsimov Azərbaycanın milli brendi olan SOCAR-ı məhkəməyə verib.
M.Mənsimovun şirkəti ilə beynəlxalq məhkəməni də hələlik SOCAR qazanıb. Nə vaxt məhkəmədə Mənsimov qalib olarsa, o zaman iddialarına haqq qazandıra bilər.
Mübariz Mənsimov özü etiraf edir ki, SOCAR-la işbirliyində olub, müqaviləsi olub, xeyli müddət bir yerdə işləyiblər. Yəni, Azərbaycan neftini və ya neft məhsullarını daşımaqdan pul qazanıb. Daha sonra isə deyir ki, Azərbaycandan heç vaxt bir manat da xeyir götürməyib. İndi hansına inanaq?
Bu sualları cavablandırmaq əvəzinə hansısa “avtoritet razborka”ları haqda nağıllar danışır, özünü az qala kriminal serialların qəhrəmanına bənzədir.
Müsahibələrində tez-tez sovet ordusunun tərkibində Əfqanıstanda olduğunu deyən M.Mənsimov bu məsələdə də yalan söyləyir. Azərbaycan MN-in məlumatına görə, 1968-ci il təvəllüdlü Mənsimov Mübariz Qurbanəli oğlu 1987-ci ilin iyulundan 1989-cu ilin aprelinə qədər Sovet qoşunlarının Almaniya Demokratik Respublikasının Finovfurt şəhərində yerləşən hərbi hissəsində xidmət edib və Əfqanıstanda olmayıb.
Digər tərəfdən, Mənsimov “Xəzər Lənkəran”ın aid olduğu bölgəyə işarə edərək, guya klubun ayrı-seçkiliyə məruz qaldığını deyir. Bu, onun müsahibəsindəki ən qəbuledilməz məqamdır. Azərbaycanda futbol klublarının hamısının problemi olub və var. AFFA ilə ayrı-ayrı vaxtlarda çox klub problem yaşayıb. Bunun bölgəyə nə dəxli var? Onda “Keşlə”nin, “Zirə”nin, “Simurq”un niyə problemləri var idi və hələ də var...
Bir sözlə, Mənsimovun rabitəsiz çıxışı, əlaqəsiz söz axını onun danışıqlarının sonrakı janrını müəyyənləşdirirdi - biznesmen kriminal yığıncaqlardan və “oğru dünyası”ndan danışaraq özünün gəmiçilik işinin açıq-aşkar bandit gedişlərini gün işığına çıxarırdı.
Məhəmmədəli QƏRİBLİ