Rusiya prezidenti Vladimir Putin xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə İsrail Baş naziri Naftali Bennettdən üzr istəyib.
Bu barədə İsrail Baş nazirinin dəftərxanası məlumat yayıb. Bildirilib ki, Bennett üzrxahlığı qəbul edib və izahat üçün təşəkkürünü bildirib.
Qeyd edək ki, Sergey Lavrov Ukrayna prezidenti Vladimir Zelenskinin yəhudi əsilli olmasına münasibət bildirərkən, nasist lider Adolf Hitlerin də yəhudi qanı daşıdığını, ən qızğın antisemitlərin yəhudilər olduğunu söyləmişdi.
Maraqlıdır ki, Rusiyanın rəsmi dairələri bu məsələ ilə bağlı heç bir məlumat yaymayıblar. Eyni zamanda İsrail tərəfinin yaydığı rəsmi xəbəri də təkzib etməyiblər. Belə olan təqdirdə Putinin üzrxahlıq etməsi ilə bağlı yayılan xəbər dezinformasiyaya bənzəmir.
Belə olan halda Putin niyə Lavrovun əvəzindən üzr istəsin?
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu gedişdən Rusiyanın çox çətin vəziyyətdə olduğu, bir sözlə, təkləndiyi aydın sezilir: “Rusiya hər zaman ifadə etmək istədiklərini kimlərinsə dili ilə səsləndirib. Uzun müddət bu funksiyanı Jirinovski həyata keçirdi. Onun dili ilə səslənən fikirlər problem yaradanda Rusiya rəsmi dairələri manevr edə bilirdi. Bu dəfə vəziyyət tam başqa cür olub. Rusiya təkləndiyini hiss etdiyi üçün daha da aqressivləşir ki, qorxu yarada bilsin. Bir neçə dəfə dünyanı atom silahı ilə təhdid ediblər. İndi də bilirlər ki, İsrail Ukraynaya bacardığı dəstəyi verir. Bu səbəbdən də İsrailin ünvanına sərt danışdılar. Həmin açıqlamanı sıradan bir adam verməyib. Bir təcrübəli diplomat kimi Lavrov bilirdi ki, belə sensasion açıqlamanı Putinlə razılaşdırmadan səsləndirmək olmazdı. Loru dildə desək, görüblər ki, bir az barıtı çox olub, üzrxahlıq etmək qərarına gəliblər. Yəqin ki, İsrail üzrxahlığın Lavrovun şəxsinin adından deyil, Rusiya dövləti adından edilməsini istəyib. Buna görə də, bu addımı Putin atmaq məcburiyyətində qalıb. Rusiya başqa zamanda belə addım atmazdı. Bunu yaradan səbəb Moskvanın Ukraynada düşdüyü bataqlıqdır. Hətta onların ən yaxın müttəfiqi olan Lukaşenko belə son çıxışında Rusiyadan uzaqlaşmaq istədiyi təəssüratını yaratdı. Rusiya anlayır ki, Lavrov yalnız İsraili yox, bütün yəhudi millətini təhqir edib. Bu da dünyada çox böyük nüfuza malik olan yəhudiləri belə həssas məqamda Rusiyaya qarşı səfərbər edə bilərdi. Bir sözlə, Rusiya bu addımı çarəsizlikdən atıb”.
Məhəmmədəli QƏRİBLİ