ABŞ prezidenti Co Bayden öz prezidentliyi dövründə ikinci dəfə yanlışa yol verdi və erməni lobbisinə baş əyərək 24 apreldə "erməni soyqırımı" ifadəsini işlətdi. Bayden ABŞ tarixində həm də ilk prezidentdir ki, "erməni soyqırımı" ifadəsini işlədir.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Bütün türk dünyası üçün qorxulu olan nədir?..
Qorxulu odur ki, Bayden bundan sonrakı prezidentlik illərinin hər birində saxta soyqırımı tanıyacaq, bunu bir ənənəyə çevirəcək və ondan sonra gələn digər prezidentlər də bu ənənəyə bağlansa, Amerikanın dəyişməz dövlət siyasətinə çevriləcək. Bunun bütün türk dünyası üçün hansı çətinliklər vəd etdiyi üzərində isə xüsusi dayanmaq izafidir...
Bəs nə etməliyik?...
Təəssüf ki, biz türk dünyası olaraq ABŞ-da saxta genosidin tanınmasının bir ənənəyə çevrilə bilməsi təhlükəsinə lazımi önəmi vermədik və bu prosesi dayandırmaq üçün əks strategiya hazırlayıb ortaya qoymadıq. Bu işdə qardaş Türkiyə avanqard olmalı idi və imkan hələ tükənməyib. Təəssüf ki, Baydenin artıq ikinci dəfə səslənən “soyqırım” bəyanatına ümumtürk müqavimət dalğası başlatmadıq. Necə başa düşək ki, aprelin 3-də Karo Paylan adlı erməni deputatın Türkiyə Böyük Millət Məclisinə genosidlə bağlı təqdim etdiyi qanun layihəsinə qarşı az qala danışmayan iri dövlət məmurları, partiya rəhbərləri qalmadığı halda, Baydenin bəyanatına elə də ciddi təpki görmədik. Halbuki, ilk növbədə qardaş ölkənin bütün dövlət və siyasi elita mənsubları Baydenin yanlışına qarşı hərəkat başlatmalı idilər. Hədəf taxtasında miskin bir sərçə kimi görünən Karo Paylana qarşı isə bəlkə də indi bu qədər "iri kalibrlərdən" atəş açmağa gərək yox idi. Az qala "bir erməni deputat bütün ölkəni əsir-yesir etmiş" kimi heç arzu etmədiyimiz bir durumun əlamətlərini görürük. Bu gurultulu hərbə-zorbanı Paylan hələ 44 günlük müharibə ərəfəsində və hətta müharibə günlərində asanlıqla İrəvana, hətta Qarabağa gəlib-getdiyi vaxtlarda etmək daha təsirli ola bilərdi. Ya da Paylanın indi təqdim etdiyi “genosid” qanununu sadəcə "mənasız söz yığınıdır" deyib də üstünə atmaq, eyni vaxtda Xocalı hadisələrinin genosid faktı olaraq tanınması barədə qanun layihəsini qardaş Türkiyə Böyük Millət Məclisinin müzakirəsinə çıxarmaq çox tutarlı gediş ola bilərdi...
Yenə deyirəm, imkanlar hələ bitməyib...