Regionda sülhə böyük dəxli olan məsələlərin həlli yönündə hər dəfə bir addım atıldıqca Ermənistanın təxribatlarını görürük. İki gün əvvəl Prezident Əliyev AB prezidenti Mişellə telefon danışığında delimitasiya ilə bağlı Azərbaycan tərəfdən işçi qrupun yaradıldığını və Ermənistandan da müvafiq addımın atılmasını gözlədiyini dedi.
Həqiqətən Azərbaycan tərəfdən bu çox vacib addım idi və hamı gözləyirdi ki, aprelin 6-da Brüsseldə əldə olunmuş razılaşmaya Əliyev və Paşinyan necə əməl edəcəklər. Tərəflərin aprelin sonunadək vaxtı var. Aprelin sonuna isə cəmi 6 gün qalıb. Azərbaycan öz üzərinə düşəni azı bir həftə əvvəl icra edib. Ermənistan isə nəinki dürüst davranmadı, əksinə... Aprelin 23-də Zəngilanda dövlət sərhədimizə təxribat-diversiya qrupu göndərib. Doğrudur, qrup ifşa edilərək geri oturdulub. Lakin faktın özü göstərir ki, Ermənistan delimitasiya üzrə öhdəliklərini yerinə yetirmir və prosesi pozmaq istəyir. Real vəziyyətin təhlili göstərir ki, aprelin sonunadək Bakının və Yerevanın delimitasiya komissiyalarını yaratmaq öhdəliyi icra olunmaya bilər ki, bunun da bütün məsuliyyəti birmənalı şəkildə Ermənistanın üstündə qalacaq. Çünki azı bir həftə əvvəl Mişelə şəxsən bəyan edilib ki, Azərbaycan öz üzərinə düşəni etdi…
Aydın QULİYEV