Bir neçə gündür araşdırıb bir nəticəyə gəlmək istəyirəm ki, Putinlə Paşinyanın 19 aprel 2022-ci il tarixli Moskva bəyanatında Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması zərurəti barədə niyə bir kəlmə də olsa, deyilmədi. Halbuki bundan 13 gün əvvəl Brüsseldə açıqlanmış üçtərəfli bəyanatda ən qısa vaxtda sülh sazişi layihəsinin hazırlanması üçün XİN başçılarına tapşırıq verilməsi tövsiyə edilmişdi. Bəlkə nə Rusiya, nə də Ermənistan sülh sazişinin tezliklə hazırlanmasında və imzalanmasında maraqlıdır? Putin-Paşinyan bəyanatına sülh sazişi sözlərini yox, sadəcə Azərbaycan-Ermənistan normallaşması sözlərini yazmaq təsadüfdürmü?..
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Başqa bir fakt. Elə bu gün - aprelin 23-də Prezident Əliyev telefon söhbətində Avropa Birliyinin prezidenti Şarl Mişelə bildirdi ki, Azərbaycan öz tərəfindən həm delimitasiya, həm də saziş layihəsini hazırlayacaq komissiyalarını artıq yaradıb və Ermənistandan müvafiq addımlar gözləyir...
Müvafiq addımlardan qabaq Ermənistandan başqa bəyanat gəldi, həm də sülh prosesini ləngidə bilən bəyanat gəldi. Paşinyan dedi ki, "biz Ermənistan və Arsax xalqlarından xəbərsiz Azərbaycanla heç bir sənədi imzalamayacağıq". Əlavə etdi ki, hər şey öncədən ictimai müzakirədən keçəcək...
Burada məsələ çətinləşir. Belə ki, erməni toplumları Azərbaycanın ərazi bütövlüyünü tanıyan və ərazi iddialarından həmişəlik imtinanı özündə ehtiva edən saziş layihəsini "ictimai müzakirədən" keçirəcəkmi?... Çətin...
Sülh sazişi bir sıra arqumentlərə görə, Rusiya və Ermənistanın ən yaxın və zəruri siyasi gündəm məsələsinə oxşamır... Hər ikisi də sülh sazişi ilə bağlı məsələni hələ xeyli uzatmaq niyyətindədir...