Kremlin analitiklərindən olan Pyotr Akopov Rusiyanın Ukraynaya müdaxiləsində əsas məqsədinin ölkəni parçalamaq olduğunu bildirib. Rəsmi “Ria Novosti” agentliyinə yazan Akopovun sözlərinə görə, Moskvanın məqsədi Ukraynanı tədricən parçalamaq və regionu yenidən formalaşdırmaqdır.
“İndi hamının başa düşdüyü kimi, işğal çox uzun vaxt aparacaq” deyən Akopov Rusiyanın taktikasını dəyişdiyini, lakin Ukrayna ilə bağlı strategiyasını dəyişmədiyini yazıb.
"Əsgərlərimizin işğal olunmuş ərazilərdən çıxarılmasından söhbət gedə bilməz. İşğalın ikinci mərhələsində Ukraynanın cənubunda nəzarəti bərqərar edə bilsək, üçüncü mərhələni də həyata keçirmək qaçınılmaz olacaq - bütün Novorossiya (Yeni Rusiya) üzərində nəzarəti ələ keçirmək" – Akopov deyib.
Rus millətçiləri Ukraynanın cənubunu imperiya Rusiyasına məxsus böyük bir qurşaq kimi görürlər. Rusiya lideri Vladimir Putin isə Ukraynanın ikinci böyük şəhəri Xarkovun da Novorossiyanın tərkibində olduğunu bildirmişdi.
Akopovun fikrincə, Rusiya Kiyev və Lvovu işğal etməyə ehtiyac görmədi, çünki cənub itirildikdən sonra Ukraynanın mövcudluğu çökməyə başlayacaq.
Tahir TAĞIYEV