“Aparıcı beynəlxalq təşkilatlar postmüharibə reallıqlarını qəbul etdilər”. Bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, biz bundan sonra ancaq və ancaq güclənəcəyik: “Və postmüharibə dövrü bunu bir daha göstərdi. Həm ərazilərin bərpası, həm beynəlxalq müstəvidə addımlarımız bizim gücümüzü göstərdi. Çünki postmüharibə dövrü çox həssas bir dövrdür və artıq il yarım keçəndən sonra tam əminliklə demək olar ki, biz bu çətin sınaqdan da şərəflə çıxdıq. Aparıcı beynəlxalq təşkilatlar postmüharibə reallıqlarını qəbul etdilər. BMT, hansı ki, Şuşada beynəlxalq tədbir keçirmişdir. Avropa İttifaqı hazırda Azərbaycan-Ermənistan arasında normallaşma prosesində çox fəal iştirak edir”
Prezident onu da əlavə etdi ki, digər beynəlxalq təşkilatlar da bunu qəbul edir: “Məsələn, sədrlik etdiyimiz Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, bütün aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləmişlər və postmünaqişə reallıqlarını qəbul etmişlər. İndi qonşu ölkələr 3+3 formatda beş ölkə hazırda əməkdaşlıq formatı yaradıbdır. Qonşu ölkələrin hamısı postmünaqişə reallıqlarını qəbul etmişlər. Böyük dövlətlər – Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Amerika Prezidenti, Böyük Britaniyanın Baş naziri mənə göndərdikləri məktublarda bu, açıq-aydın göstərilir. Yəni, biz artıq bu mərhələni keçdik və bundan sonra Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması məsələsi gündəlikdədir”.
Görünən odur ki, müharibədən sonra dünya Qarabağla bağlı yaranan reallıqları qəbul edir.
Məsələyə münasibət bildirən AMİP sədri Arzuxan Əlizadə hesab edir ki, aparıcı beynəlxalq təşkilatların postmüharibə reallıqlarını qəbul etməsi və bununla hesablaşması çox önəmli məqamdır: “Ona görə ki, müasir dünya düzəninin formalaşmasında aparıcı dövlətlərin və təşkilatların rolu danılmazdır. Əgər, dünyanın aparıcı güc mərkəzləri Qarabağla bağlı yeni reallıqları qəbul etməsəydilər, o zaman bizim üçün çox çətin olacaqdı. Müharibədən sonra müxtəlif təzyiqlərlə üzləşə bilərdik. Bu isə təbii ki, Ermənistanın xeyrinə olardı. Ancaq biz görürük ki, dünyanın aparıcı güc mərkəzləri arasında rəqabət olsa da, yaranan yeni reallıqları qəbul edirlər. Ona görə ki, Cənubi Qafqaz bir çox cəhətlərinə görə, çox önəmli bir coğrafi məkandır. Məsələn, Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqədar Qərb bu ölkədən enerji asılılığını azaltmaq istəyir. Əsas alternativ keçid Cənubi Qafqazdır. Çin kimi böyük dövlət Azərbaycanın tranzit imkanlarından yararlanmaqla Avropaya yükdaşımaları həyata keçirməyə çalışır. Regionda yeni əməkdaşlıq platformalarının həyata keçirilməsi istiqamətində səylər artır. Bütün bunlar təbii ki, Cənubi Qafqazda sülh və sabitliyi şərtləndirir. Bunların üst-üstə düşməsi Azərbaycanın maraqlarına uyğundur. Söhbət həm siyasi, həm də iqtisadi maraqlardan gedir. Bu, həm də o deməkdir ki, Ermənistanın mənfur niyyətləri iflasa məhkumdur”.
Bu baxımdan partiya sədri dünyanın postmüharibə reallıqlarını qəbul etməsini Azərbaycanın maraqlarına uyğun hesab edir.
Vidadi ORDAHALLI