Son günlər cərəyan edən proseslər göstərir ki, ATƏT-in Minsk Qrupu özünü buraxmış vəziyyətə gəlib.
İlk olaraq Rusiya XİN rəhbəri Sergey Lavrov bildirdi ki, ABŞ və Fransadan olan həmsədrləri Rusiya ilə bu formatda əlaqə saxlamaqdan imtina ediblər: “ATƏT-in Minsk Qrupunun gələcəyinin necə olacağını bilmirəm. Çünki bizim amerikalı və fransalı "tərəfdaşlarımız" rusofob zərbə ilə Rusiyaya aid hər şeyi ləğv etmək məqsədilə ATƏT-in Minsk Qrupu həmsədrlərinin üçlüyünü də sıradan çıxardılar və bizimlə bu formatda əlaqə saxlamayacaqlarını bildirdilər”.
Bundan sonra Rusiya Minsk Qrupundakı həmsədri xüsusi nümayəndə ilə əvəz etdi. Analoji addımı ABŞ da atdı. Ancaq hələ də, bu təsisatın buraxılması ilə bağlı rəsmi qərar yoxdur. Minsk Qrupunun de-yure yoxluğuna necə nail olmaq mümkündür?
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə bildirdi ki, həm Amerika, həm də Fransa hələ də münaqişənin tam həll olunmadığını hesab edirlər: “Onlar bundan sonrakı prosesdə özləri üçün müəyyən yer saxlamaq istəyirlər. Fransanın və ABŞ-ın ayrı-ayrılıqda öz maraqları var. Rusiya isə həmişə istəyirdi ki, Minsk Qrupu çərçivəsində öz təşəbbüsünü irəli çıxarsın, bunu bir növ monopoliyaya götürsün. Vətən müharibəsinin yekunu olan 10 noyabr bəyanatında Rusiya var, digər iki həmsədr yoxdur. Sülhməramlı prosesdə də Rusiya və Türkiyə iştirak edir. Ona görə, Rusiya bir tərəfdən kiminsə prosesə müdaxilə etməsini istəmir, digər tərəfdən isə çox güman ki, Azərbaycana təzyiq vasitəsi kimi Minsk Qrupunu əlində saxlamaq niyyətini güdür. Burada daha çox Fransanın davranışları maraqlıdır. Çünki Fransa həmişə Rusiyanın maraqlarına Avropada daha güclü yaxınlığı ilə seçilir. Biz görürük ki, həmsədrin xüsusi nümayəndə ilə əvəz edilməsində Fransa gözləmə mövqeyi tutub. Buna görə də təsisatın buraxılması hüquqi prosedurla öz həllini tapmalıdır. ATƏT-in Minsk Qrupu 11 üzvdən ibarətdir, onlardan üçü qrupun həmsədrləridir.
Azərbaycan onsuz da, həmsədrlərə etibar etmir. Azərbaycan indi əsasən həmsədrlik institutundan özünü kənar tutur, mövcud danışıqlarda Rusiya ilə Qərb arasında incə balansı saxlayır. Türkiyə amili bu prosesdə Azərbaycan üçün çox şeydir. Əgər həmsədrlik institutu ləğv edilməsə, sadəcə onun formatı dəyişsə, Türkiyənin həmsədrlik postuna keçməsi məsələsi gündəmə gələ bilər. Minsk Qrupunun təsisat kimi tam ləğvi ATƏT-in konfransı ilə reallaşa bilər”.
Məhəmmədəli QƏRİBLİ