“Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq”. Bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.
Ölkə başçısının sözlərinə görə, həm Ermənistan rəhbərliyi, eyni zamanda, beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar fərqli fikirdə idi: “Uzun sürən – 30 ilə yaxın davam edən danışıqlar, sadəcə olaraq, bu işğalı əbədiləşdirmək, Ermənistanın işğalçılıq siyasətini pərdələmək və bizi bu acı vəziyyətlə barışdırmaq məqsədi güdürdü. Əlbəttə, biz heç vaxt buna razı ola bilməzdik və Vətən müharibəsindəki göstərdiyimiz iradə, qətiyyət, döyüş meydanındakı qəhrəmanlıq bunu bir daha göstərdi. Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür. Biz sübut etmişik ki, ölümə getməyə hazırıq, öldü var, döndü yoxdur”.
Həqiqətən də Ermənistanı himayə edən dairələr prosesləri uzatmaqla, bütün vasitələrlə işğalçı tərəfin üstünlüyünü təmin etməyə çalışırdılar. Hesab edirdilər ki, mənasız danışıqlar nə qədər çox uzansa, o zaman Azərbaycan tərəfinin ərazilərin azad olunmasına olan inamı yox olacaq.
Məsələyə münasibət bildirən Aydınlar Partiyasının sədr müavini Qorxmaz İbrahimlinin fikrincə, Azərbaycan təkcə Ermənistanla mübarizə aparsaydı, işğal bu qədər uzanmazdı: “İşğalın uzanmasının səbəbi Ermənistanı himayə edən dövlətlərin məkirli siyasəti idi. Yoxsa Ermənistanın qarşımızda duruş gətirə biləcək elə bir gücü yox idi. Ona görə də ölkəmiz həm də Ermənistanı himayə edənlərlə savaşırdı. 44 günlük Vətən müharibəsi dönəmində Prezident İlham Əliyev xalqa müraciətlərində, xarici media resurslarına verdiyi müsahibələrdə bu məqamlara işarə edirdi. Bir sıra hallarda üstüörtülü, bəzi hallarda açıq ad çəkməklə Azərbaycana bu müharibədə mane olan, erməniləri dəstəkləyən dövlətlərin adını hardasa çəkirdi. Adətən dövlət başçıları açıq fikir söyləmirlər. Çünki diplomatik etiketləri gözləyirlər. Ancaq müharibə dönəmində Prezident Əliyev lazımı nöqtələri vururdu. Bu çıxışları dinləyərkən xalqımız bilirdi ki, hansı dövlətlərdən bəhs olunur. Söhbət təbii ki, dünyanı idarə edən dövlətlərdən gedirdi. Qafqazı nəzarətdə saxlamaq istəyən dövlətlər işğalın uzanmasında və əbədiləşməsində maraqlı idilər. Apardıqları siyasət də buna xidmət edirdi. Ancaq Vətən müharibəsində ordumuzun qəhrəmanlığı onların planlarını alt-üst etdi. Nəticədə biz nəinki Ermənistanı, o cümlədən onları himayə edənləri də məğlub etdik”.
Sədr müavini onu da əlavə etdi ki, Azərbaycan daim ayıq-sayıq olmalıdır.
Vidadi ORDAHALLI