“Ən böyük mesaj elə bu qurultayın Şuşada keçirilməsidir”
“Dünya Azərbaycanlılarının Şuşada keçirilən Zəfər Qurultayında çox mühüm mesajlar verildi. Ən böyük mesaj elə bu qurultayın Şuşada keçirilməsidir. Bir daha bütün dünyaya göstərildi ki, Şuşa təkcə Azərbaycanda yaşayanlar üçün deyil, bütün dünya azərbaycanlıları üçün müqəddəs şəhərdir və Şuşanın, digər azad olunmuş ərazilərimizin bərpası üçün azərbaycanlılar əllərindən gələni etmək əzimindədirlər.
Qurultay göstərdi ki, Azərbaycan öz suverenliyini addım-addım bütün ərazisində bərpa etmək qətiyyətindədir və dünyadakı reallıqları da nəzərə alaraq tələsmədən, səbrlə bu işi görməkdədir. Erməni faşizmi bir daha dirçəlməməlidir dedi Azərbaycan Prezidenti. Çünki bu dəfə erməni faşizminin dirçəlməsi ermənilər üçün daha ağır nəticələr törədəcək. Ermənilər revanş ümidlərini başlarından çıxarmalıdırlar və normal qonşu kimi yaşamağa cəhd göstərməlidirlər. İndiyə qədər uzun müddət bunu etməyiblər, ancaq bir dəfə nə qədər çətin olsa da cəhd etməyə çalışmalıdırlar. Çünki Ermənistanın taleyi bundan asılıdır”. Bunu “Bakı-Xəbər”ə Şuşa qurultayında dünyaya hansı vacib mesajlar çatdırıldığını, bu qurultayın əhəmiyyətini şərh edərkən Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.
A.Səmədovun sözlərinə görə, dünyanın nüfuzlu beynəlxalq təşkilatları, qurumları Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyini qəbul edir, dəstəkləyir, Ermənistan da bu reallıqla barışmaq məcburiyyətindədir: “Nəhayət, Azərbaycan sülh istəyir, sülh sazişinin imzalanmasında maraqlıdır. Bunun üçün beynəlxalq hüquqa əsaslanan təkliflər verib və bu Ermənistanın son şansıdır. Əgər bu şansdan istifadə olunmasa Ermənistanı daha ağır, daha dəhşətli məşğubiyyət gözləyir və onun ümid etdiyi havadarları Ermənistana heç bir yardım göstərə bilməyəcəklər. Çox güman ki, bunu artıq Ermənistan hakimiyyəti də anlamaqdadır”.
İradə SARIYEVA